“Qaz balonunundan istifadədə nəzarətçi qurumun olmaması bu hadisələrin sayını artıracaq. 30 ildir ki, belə bir qurumun yaradılması üçün həyəcan təbili çalıram. Amma hamısı qulaqardına vurur və pul güdür”.
Bu açıqlama ilə Bizim.Media-ya kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov çıxış edib. Ekspertin sözlərinə görə qaz balonundan istifadə üçün müəssisə rəhbərinə göstərişlər verilməli və xüsusi bir qurum mütəmadi olaraq istifadəyə nəzarət etməlidir:
“Hər gün partlayış ola bilər, amma buna nəzarət edəcək bir qurum yoxdur. Hətta yanacaqdoldurma məntəqələrində qaz balonlarını doldurarkən onun yoxlanışdan keçməsinə, istismara yararlığına nəzarət edilməlidir. Gecə klubundakı partlayışa gəlincə, orada qaz balonu tamamilə özbaşına quraşdırılıb. Çünki təhlükəsizlik qaydalarına görə yuxarı mərtəbələrində yaşayış olan zirzəmilərdə yerləşən ictimai iaşə müəssisələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır. SSRİ dönəmində maye-qaz kantoru, n sayda nəzarətçiləri və xidməti personalları var idi ki, balon qazından istifadəyə nəzarət edirdilər.
MÖVZU İLƏ BAĞLI:
“Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”
Həmin dönəmdə belə hadisələr demək olar ki, yox səviyyəsində idi. Sonradan bu kantor ləğv edildi və bu məsələ nəzarətsiz qaldı. Hazırda isə bu sahədə özbaşınalıqdır. Köhnə qaz balonlarını rəngləyib təzə adı ilə satırlar.
Halbuki qaz balonları ildə bir dəfə yoxlanılmalıdır. Çünki onlar yüksək təzyiq altında işləyirlər. 16 atmosferə qədər orada qaz olur. İllər keçdikcə o balonlar istifadə müddətini bitirir. Belə olanda onlar çıxdaş olunmalıdır. Balonlarda erroziya ola bilər”.
Ekspert hətta zirzəmilərdən kənarda, yəni fərdi məkanlarda qaz balonlarının quraşdırılmasında mütəxəssislərin iştirakını da vacib sayıb:
“Bu mütəxəssislərin isə sertifikatı olmalıdır. Adi vətəndaşın bu balonları nə quraşdırmağa, nə də istifadə etməyə ixtiyarı var. Çünki bu balon yüksək təhlükə mənbəyidir. Orada 1 kub metr qaz yananda, 23-24 min kilokalori istilik ayrılır ki, bu da təbii qazdan üç dəfə güclüdür. Onun fəsadları da təbii qazdan 3 dəfə artıqdır. Hələ Allah üzlərinə baxıb ki, balon qaz çox güman ki, yarımçıq olub. Dolu olsaydı, yuxarıdakı evi və orada yaşayanları da xilas etmək olmazdı”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevin sözlərinə görə isə propan qaz balonuna nəzarət funksiyasını qurum həyata keçirmir:
“Artıq 2016-cı ildən bəri “Azəriqaz” İstehsalat Birliyi sayğaca qədər olan prosesə məsuldur. Sayğacdan sonra mənzil, obyektdaxili vəziyyəti təftiş etmək qurumun səlahiyyətləri çərçivəsində deyil”.
Alçina Amilqızı, Bizim.Media