Nadir 10 ilə yaxın bu ideya ətrafında düşünüb, məqsədi küçədə maşınla kofe satmaq olub.
Bizim.Media-ya danışan gənc iş adamı deyir ki, küçədə kofe satan maşınları Azərbaycanda ilk dəfə mənim dostum yaradıb və mən də onun şirkətində menecer olaraq çalışırdım:
“Yarım ildən çox bir müddətdə real olaraq Kofe maşını (Cofee car) yaratmaq üzərində işlədim və ona ən sevdiyim heyvanın adını əlavə edib “Kirpi Cofee Car” adlandırdım. Artıq 8-10 gündür satışdayam. 3-4 ay sırf bu işə başlamaq üçün ciddi hazırlıq mərhələsi keçdim və nəhayət öz işimi qurdum”.
- Qeydiyyat, vergi kimi problemləriniz yoxdur ki? Adətən yeni işə başlayan şəxslər bu tip problemlərlə üzləşirlər.
- Şirkət halında rəsmi olaraq yeni sahibkar kimi qeydiyyatdan keçmişəm. İlkin olaraq, Zoopark tərəfdə fəaliyyətə başlamaq istəyirdim. Orada mənə işıq, məkan və s. verilmədiyi üçün xəyalımda qurduğum məkanı dəyişməli oldum. Texniki, Memarlıq və İnşaat Universitetlərinin kəsişdiyi nöqtədə dayandım.
- Qiymətləriniz necə, digər kofe məkanları ilə rəqabətə hazırdır?
- Onlardan xeyli aşağıdır. Koppuçino 3.50, Amerikano 2.50, Single ekspresso 1.50, Latte 3.90 - 4.50 manat civarındadır.
Barista texnologiyasına istinad edirəm. Bişmiş dənləri alıb üyüdürəm və geri qalanını öz xüsusi üsulumla hazır edirəm.
Özümə güvənərək deyə bilərəm ki, mənim hazırladığım kofelər qiymətdə aşağı olsa da keyfiyyətdə hazırki brend markalı kofe məkanlarında hazırlanıb satılan kofelərdən xeyli yüksəkdir. Özüm də onlarda olub dadmışam, amma keyfiyyətləri məni qane etməyib.
Məkan baxımından da yanaşmam fərqlidir. Onların məkanı xüsusi dekorasiya ilə hazırlanıbsa, mənim dekorum həyatın özüdür. Onlar üçün bütün fəsillər yaydır. Çöldə hava nə qədər soyuq olmağına baxmayaraq, içəridə isti olur və hər kəs üst geyimini çıxararaq əyləşir. Mənim maşınımdan kofe alan şəxslər isə bütün fəsilləri yerində hiss edə biləcək. Qışda kofelərini palto ilə, yayda isə nisbətən yüngül geyimlərdə içəcəklər.
Azərbaycanda kofe sahəsində xeyli boşluqlar aşkar etdim və qurduğum işimlə onları doldura biləcəyimə əminəm.
- Bəs əsas çörək ağacı yəni, Kofe Maşınınız necə, öz maşınınızdır, yoxsa icarəyə götürmüsünüz?
- Gördüyünüz bu maşın atamındır. Mən öz maşınımı atama verib, əvəzində satış üçün atamın maşınını götürmüşəm.
- Papanın gül balası?
- Qətiyyən elə deyil. Atamın hesabına yaşayan birisi olsaydım, indi küçədə çalışmazdım. Atam məni və qardaşımı həmişə halal zəhmətə öyrədib. Maşına gəlincə, mənim maşınımın rəngi qara olduğu üçün loqomla uyğunluq təşkil etmirdi. Bu rəng zövqümcə olduğu üçün atamdan mənə öz maşınını verməsini xahiş etdim.
- Bəs atanızdan bizim mental düşüncəyə xas ənənəvi yanaşma gördünüzmü? Məsələn: "Ay oğul, nə üçün özünü əziyyətə salıb küçədə kofe satırsan? Ondansa yaxşı maaşlı bir iş tap, işlə".
- (Gülür) Düşünürəm ki, artıq o mərhələləri keçmişəm. Yaxşı ofislərdə də işləmişəm. Həmçinin İqtisadiyyat Nazirliyində də işlədiyim vaxtlar olub, amma indi öz işimi qurmağın zamanıdır və mən də özümdə güc toplayıb məhz kofe işinə başladım.
Gələcəkdə öz kofe brendimi formalaşdırıb xüsusi bişirmə üsulu ilə məhz mənə məxsus kofeləri patentləşdirmək və satışa buraxmaq istərdim. Bu təkcə şəxsi mənafeyimə köklənməyib, həmçinin doğulub böyüdüyüm Azərbaycan adını dünyaya tanıtdırmaq üçün görülən çox yaxşı bir iş olardı.
- Onda məhz bu iddianıza görə sizə Azərbaycanın “Kofe Kralı” deyə bilərik?
- Güclü bir krallığın kökündə düzgün idarəçilik və işi doğru təşkil etmə prinsipləri dayanır. Şükürlər olsun ki, işimin peşakarıyam. İstifadə etdiyim südün belə keyfiyyətinə əmin olduqdan sonra onu istifadə edirəm. İşimin keyfiyyəti mənim üçün başlıca prinsipdir. Operativlik, insanlarla düzgün ünsiyyət bacarıqlarım da pis deyil.
- Azərbaycandakı real kofe bazarı haqqında nə düşünürsünüz, sizcə hazırda pik nöqtədədir?
-Hələ ki, ölkəmizdə bu bazar formalaşmayıb. Məncə heç orta nöqtədə də deyil. Kofeyə maraq isə artmaqdadır və getdikcə daha da güclənəcək. Yaxşı kofenin dadını bilən insan ən azı yaxşını-pisdən fərqləndirməyi bacaracaq. Belə müştərilərin çox olması isə işin peşəkarları üçün əlavə bir üstünlükdür.
Xidmət, keyfiyyət və zəhmətimə güvənib yolu düşən hər kəsi “Kirpi Coffe Car-a dəvət edirəm.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 04.04.2022
Öz kofe brendimi yaratmaq niyyətindəyəm – Azərbaycanın yeni “Kofe Kralı”
Hazırda oxunan: Öz kofe brendimi yaratmaq niyyətindəyəm – Azərbaycanın yeni “Kofe Kralı”
Hazırda oxunan: Öz kofe brendimi yaratmaq niyyətindəyəm – Azərbaycanın yeni “Kofe Kralı”
67864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.