“İlk növbədə qeyd edim ki, 2022-ci ildə keçiriləcək I qrup qəbul imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq. Dəyişikliyə görə, I ixtisas qrupunda İKT ixtisaslarına hazırlaşanlar artıq kimya fənnindən deyil, informatikadan imtahan verməli olacaqlar. Amma abituriyent hər iki alt qrupu seçərsə, həm kimya, həm də informatikadan imtahan verib bütün I qrup ixtisaslarını seçə bilər”.
Təhsil ekpserti Kamran Əsədov bu sözləri Nazirlər Kabinetinin 1-ci qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına etdiyi dəyişikliyə əsasən bildirib.
Onun sözlərinə görə, yeni qərar abituriyentlərdə çətinliklər yarada bilər:
“Qəbul sisteminə dəyişikliklər və bu sahəyə aid islahatlar tədris ili başlayandan sonra edilməli deyil. Çünki artıq oktyabr ayı başa çatıb, abituriyentlər növbəti il üçün hazırlıqlara başlayıblar. Etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri deyil. Məlumdur ki, 1-ci ixtisas qrupu üzrə abituriyentlər fənlərin çətinliyinə görə, 7-8-ci siniflərdən kimya üzrə hazırlaşmağa başlayırlar. Həmçinin Dövlət İmtahan Mərkəzinin hələ ki, informatika fənninə aid test bazası yoxdur. Bu qərar əvvəlcədən Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərin arzularının üstündən xətt çəkə bilər”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ali məktəblərə qəbul QAYDALARI dəyişdi
Təhsil eksperti həmçinin Təhsil Nazirliyinin orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı müəyyən addımlar atmalı olduğunu dilə gətirib:
“Nəzərə almaq lazımdır ki, informatika fənnindən hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı var. İkincisi, informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Üçüncüsü, bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Yəni biz birdən-birə nümunə testini hazırlayıb, vəziyyətdən çıxa bilmərik.
Biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin hazırda imtahana əlavə edilib tətbiqinə başlanılması yeniliyə uyğun olmayacaq. Bunu düzgün qiymətləndirmirəm”.
Qeyd edək ki, Nazirlər Kabinetinin I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsi qərarı 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Səkinə Yusibli, Bizim.Media