Azərbaycandakı 50-dən çox İran mağazasının istehlakçı qanununu necə pozduqları barədə yazı dərc etmişdik. İrandan idxal olunan malların markalanmasında Azərbaycan dilindən başqa digər dillərdə məlumatın olduğunu, istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını, bununla da istehlakçıların milli dildə məlumat alma hüququnun pozulduğunu qeyd etmişdik.
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov İranın bəzi topdansatış şəbəkələrində ciddi monitorinqlərin keçirilməsini, ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağırılaraq ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsini, Gömrük Komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsini gündəmə gətirmişdi.
Həmçinin məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər göndərmişdi.
Sözügedən problemlə bağlı Bizim.Media da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etmişdi.
AQTA isə saytımızın məlum sorğumuzu belə cavablandırıb:
“Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, yeyinti məhsullarının istehsalı, qablaşdırılması, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir”.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
“Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur.
Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür”.
Sorğuda o da qeyd olunub ki, istehlakçılar rastlaşdıqları qanunsuz hallarla, həmçinin etiket məlumatlarında hər hansı uyğunsuzluqlarla bağlı Agentliyin “1003 - Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.
Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Sorğumuza cavabdan belə aydın olur ki, AQTA konkret şikayətlə bağlı nə araşdırma aparıb, nə də aparmaq niyyətindədir. Ən azı AİİB-nin rəhbəri ilə yanaşı, bizim də quruma ünvanladığımız 50-dən çox İran mağazasındakı məhsulların etiketlərinin milli dildə olmaması ilə bağlı məsələni nəzarətə götürərdilər. Həmin mağaza şəbəkələrində araşdırma aparacaqlarını sorğumuzda əks etdirərdilər. Yaxud da belə bir təhlükənin olmayacağını bildirərdilər.
Görünən odur ki, ölkəyə daxil olan mallarla bağlı hələ də ciddi təhlükə qalır. Əks halda qurum 3 il əvvəl açıqladığı 12 adda təhlükəli yağın siyahısını ictimaiyyətə təqdim edərdi.
Təssüf ki, yerli bazarı bürüyən, tərkibində transyağların miqdarı normadan yuxarı olan yağların adları hələ də gizli saxlanılır. Bəs, İrandan gətirilən və etiketləri elə öz dillərində olan məhsulların təhlükəsizliyinə kim zəmanət verir? Əgər bununla bağlı problem çözülmürsə...
Mövzunu diqqətdə saxlayacağıq.
Alçina Amilqızı, Bizim.Media