Dövlət Xidmətinə “Bolt”un hansı qanadı şikayət olunub və günah kimdədir? - ARAŞDIRMA

Dövlət Xidmətinə “Bolt”un hansı qanadı şikayət olunub və günah kimdədir? - ARAŞDIRMA

Hazırda oxunan: Dövlət Xidmətinə “Bolt”un hansı qanadı şikayət olunub və günah kimdədir? - ARAŞDIRMA

61533

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkəti "Bolt"un Azərbaycandakı törəməsi "Bolt Services AZ” MMC haqqında iş qaldırıb. 

Bizim.Media Dövlət Xidmətinin verdiyi məlumata istinadən xəbər verir ki, “Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Bolt”da “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması faktı təsdiqini tapıb. Məsələ ilə bağlı işə isə fevralın 24-də baxılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

"Bolt" və “Wolt" çantalarında gəzdirilən TƏHLÜKƏ - Velokuryerlərin baqajları niyə YOXLANMIR?


İki şirkət arasında yaranan problemin nədən ibarət olduğunu dəqiqləşdirmək üçün Bizim.Media “Delivery Azerbaijan” MMC ilə əlaqə saxlayıb.

Şirkətdən verilən məlumata görə, onların əsas problemi “Bolt Food”la bağlıdır. Belə ki, hər iki şirkətin fəaliyyəti yemək sifarişlərinin çatdırılmasıdır. Şikayətçi şirkət, rəqib şirkətin maya dəyərindən aşağı qiymətə müştərilərə etdiyi təkliflərdən narahatlıq duyur: 

“Bazarda daha aşağı qiymətə portnyorların yeməklərini təklif edirlər və öz hesablarına onları bağlayırlar. Digər bizim kimi bazar iştirakçıları da bunu edə bilmir və nəticədə bazardan kənarlaşdırılırıq. Heç bir qazanc əldə edə bilmirik, bu sağlam rəqabət deyil”.

İqtisadçı ekspert Fuad İbrahimov rəqib şirkətin “Bolt” a qarşı yürütdüyü ittihamı absurd adlandırıb. Onun sözlərinə görə, sağlam rəqabətin yaranması üçün şirkətlər bu kimi hallara hazırlıqlı olmalıdırlar:

“Əslində rəqib şirkətin etdiyi şikayət predmeti çox absurddur. Elə sağlam rəqabətin mövzusu da istehlakçıya uyğun qiymətlərlə təkliflər verərək, bir-birləri ilə sağlam rəqabət aparmaqdır. Bununla da istehlakçı mənfəət götürmüş olur. Təbii ki, bu qiymətlərin təyin olunmasında da şirkətlər həm özlərinin, həm də rəqib şirkətin maliyyə durumlarını da nəzərə almalıdır. Bir şirkət ucuz qiymətlərlə, hətta özünı ziyanla xidmət göstərib qarşı şirkəti müflisləşdirmək siyasətini aparması qanunvericiliklə də yol verilməzdir”.

Ekspertin sözlərinə görə, neqativ halları aşkara çıxarmaq üçün kütləvi monitorinqlər aparmaq və tapılan faktları məhkəmədə sübuta yetirmək lazımdır. Fakt öz təsdiqini taparsa, həmin şirkət bazardan kənarlaşdırılmalıdır.

“Hazırda yerli bazarda kifayət qədər inhisarçılıq faktları var. Həmçinin inflyasiya öz rolunu oynayıb və bahalaşma prosesi də gedib. Amma inflyasiyanın tərkib hissəsində məhz sağlam rəqabətin olmaması məsələsi də yerini tapır. Sağlam rəqabət məcəlləsinin olmaması və eyni zamanda mühitdə bunun tam şəkildə çatışmaması məhz inflyasiyada qiymət bahalaşmasına daha da kənardan dəstək vermiş olur”,- deyə qeyd edən iqtisadçı-ekspert Fuad İbrahimov bu sahədə ciddi mexanizmlərin tətbiq olunmasında ehtiyac yarandığını diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO