Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Trend"-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.
O qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.
"Bu gənələr arıların sürfələri ilə qidalanır, nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", – o deyib.
Qeyd olunub ki, assosiasiya tərəfindən Azərbaycana Özbəkistandan arı ailələrinin gətirilməməsi üçün çox çalışılıb.
"Özbəkistanda Tropilaelaps gənəsi çox yayılıb. Özbəkistan illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını bilib idxala qadağa qoyublar".
B. Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.
Hazırda Özbəkistandan gələn bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb".
Bizim.Media





































































































