Bu dəfə Ramazan bayramı martın 20-nə təsadüf edəcəyi gözlənilir. Bununla bağlı həmin gün Azərbaycanın bütün məscidlərində səhər saatlarında - təxminən 08:00-09:00 radələrində bayram namazı qılınacaq.
Maraqlıdır ki, respublikamızın bəzi bölgələrində bayram namazı qəbiristanlıqda qılınır, daha sonra pul yığılır.
Bu adət islama nə qədər uyğundur?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən dinşünas Tural İrfan deyib ki, Ramazan və Qurban bayramı namazları cəm halda qılınarkən adətən məscidlərdə icra olunur:
“Lakin Peyğəmbər zamanında açıq havada da qılınıb. Adam sayının çoxluğu bəzən məsciddə qılınmasına imkan vermir. Bu baxımdan səhra kimi geniş ərazidə də qılmaq ənənəsi var. Lakin məzarlıqda namaz qılmaq şəriət hökmlərinə görə uyğun görülmür. Namaz qılmaq üçün bir neçə bəyənilməyən, məkruh sayılan məkan var ki, onlardan biri də qəbiristanlıqlardır. Yalnız cənazə namazı istisna hal kimi, zərurət yaranarsa, qılına bilər.
Bayram namazı sevinc və fərəh ab-havasında icra olunan şükür ibadətidir. Ümumiyyətlə, bayramın ovqatına da uyğun deyil ki, bayram namazı məzarlıqda qılınsın. Məsciddə qılınması daha münasibdir. Əgər camaat çox olarsa, digər açıq ərazidə də qılına bilər. Yaxud buna da imkan yoxdursa, məsciddə növbəli şəkildə bir neçə dəstə halında da icra edilə bilər. Amma bayram namazı zamanı pul yığmaq qətiyyən yolverilməzdir. Dini, ibadətləri, bayramları alver, ticarət, maddi gəlir mənbəyinə çevirmək, həmin dəyərləri ucuzlaşdırmaq günahdır.
Bayram namazı qıldırmağa görə, ümumiyyətlə namazda ibadətə öncüllük etməyə görə pul almaq olmaz. Bu könüllü şəkildə təmənnasız olmalıdır. Başqalarının da bayram təntənəsindən sui-istifadə edərək camaatdan hansısa məqsəd üçün pul yığması doğru deyil. İnsanlar bayram namazına qədər fitrə zəkatını verməyiblərsə, namazdan qabaq yaxud sonra onu pul şəklində fəqirlərə təqdim edə bilərər. Bu, təbii ki, məqbuldur”.
Müsahibimiz onu da vurğulayıb ki, sosial cəhətdən zəif olan ailələrin də bayram süfrəsi açıb sevinməsi üçün imkanı çatanların toplaşıb kömək etməsi, fitrə verməsi dinə uyğun addımdır:
“Ancaq bayram tədbirindən, namazından istifadə edərək şəxsi mənfəət güdmək qətiyyən yolverilməzdir. Məhz buna görə də şəriətdə fitrə zəkatını bayram namazına qədər çıxarmaq əmr olunur ki, namaz ərəfəsində alver mənzərəsi yaranmasın. Ancaq kiməsə maddi dəstək verilirsə, elə formada etmək lazımdır ki, bayram namazına və Ramazanın ümumi ab-havasına xələl gətirməsin”.
Surxay Atakişiyev, Bizim.Media































































































