Novruz bayramı xalqımızın minilliklər boyu formalaşmış zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini özündə yaşadan ən əziz bayramlardan biridir.
Təbiətin oyanışını, bolluq və bərəkəti simvolizə edən bu el bayramı Azərbaycan xalqının birlik, həmrəyliyinin parlaq təcəssümü kimi hər il böyük təntənə ilə qeyd olunur. Qusar rayonunda xalqımızın milli Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdən əvvəl Novruzun sevilən personajları olan Bahar qızı, Kosa və Keçəl xüsusi bəzədilmiş avtomobillə rayon ərazisində hərəkət edərək şəhər sakinlərini bayram tədbirinə dəvət ediblər.
Bayram münasibətilə şəhərin al-əlvan bəzədilmiş mərkəzi meydanında təşkil edilmiş sərgidə sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, milli geyimlər, eyni zamanda Novruz süfrəsinə xas olan şirniyyatlar və milli mətbəximizə aid digər təamlar nümayiş edilib. Novruz bayramının əsas rəmzlərindən biri olan bayram tonqalı alovlandırılıb.
Novruzun rəsmi personajı olan Bahar qızı meydana daxil olaraq tədbir iştirakçılarını, bütün rayon sakinlərini və qonaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.. Kosa, keçəl, kəndirbazlar və sim pəhləvanlarının maraqlı çıxışları iştirakçılarda bayram sevincini daha da artırıb.
Rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmilər sərgiyə baxış keçirib, müxtəlif idman növləri üzrə idmançıların çıxışları və rəqs nümunələrinə tamaşa edib, sakinlərlə səmimi söhbət apararaq onları bayram münasibətilə təbrik edib.
Sərgiyə baxış zamanı icra başçısı Sahir Məmmədxanovla Qusar şəhərindəki 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov arasında maraqlı dioloq yaşanıb. Belə ki, məktəbin sərgisinə qoyulan boyanmış yumurtaları direktorla döyüşdürən icra başçısı yarışı udub. Görüntülər ətrafdakı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı-şən musiqilər, rəqs nümunələri ilə davam etdirilib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































