Böyük Qayıdışın ünvanlarından olan Ağdam şəhərində Novruzun gəlişi münasibətilə bayram konserti təşkil olunub.
Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən konsertdə rayonun incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri təqdim edilib.
Bayram tədbirində “Qarabağ” kətəsi, şirniyyatlar, sakinlərin əl işləri təqdim edilib, iştirakçılar rəsm sərgisinə baxış keçiriblər.
Konsert proqramı sakinlərə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, böyük məmnunluq və razılıqla qarşılanıb.
Bayram təəssüratlarını AZƏRTAC-a bölüşən Ağdam şəhər sakini Qəndab Səmədova deyib: “32 il yurdumuzdan kənarda yaşadıq. Bu gün Ağdamda evlə təmin olunmuşuq və Novruz bayramını böyük sevinclə qeyd edirik. Allah Prezidentimizi, qazilərimizi, ordumuzu qorusun”.
32 il sonra ilk Novruz bayramını Ağdamda qeyd etdiyini söyləyən digər sakin Namiq Məmmədov bu gün sevincimizin həddi-hüdudu olmadığını söyləyib:
“Bu hissləri sözlə ifadə etmək çətindir. Arzularımız reallaşıb. Allah şəhidlərimizə rəhmət eləsin”.
Sonda Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı alovlandırılıb. Novruza həsr olunmuş mahnılar səsləndirilib, tonqal ətrafında “Yallı” rəqsi oynanılıb.






Bizim.Media


































































































