Bildiyiniz kimi, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə - iki yüz manat məbləğində cərimə ediləcəklər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Köhnə dövrün tərbiyə modelinə əsasən, uşağı döyməklə normal qarşılanıb. Bu cəza növü ilə tərbiyə etmək müəyyən dərəcədə mentalitetin bir hissəsi kimi qəbul olunub.
Bəs valideynlərin məsuliyyətə cəlb olunması nələri dəyişdirəcək?
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirib ki, müasir psixologiya və uşaq hüquqları sahəsində aparılan tədqiqatlar göstərir ki, fiziki cəza uşağın davranışını uzunmüddətli və sağlam şəkildə formalaşdırmır:
“Uşağa qarşı fiziki cəza uzun illər bir çox cəmiyyətlərdə, o cümlədən Azərbaycanda, tərbiyə üsulu kimi qəbul edilən davranışlardan biri olub. Lakin müasir psixologiya və uşaq hüquqları sahəsində aparılan tədqiqatlar göstərir ki, fiziki cəza uşağın davranışını uzunmüddətli və sağlam şəkildə formalaşdırmır.
Əksinə, bu üsul uşaqlarda qorxu, aqressiya, özünə inamsızlıq və zorakılığı normal davranış modeli kimi qəbul etmə riski yarada bilər. Bəzi hallarda isə uşaqlarına özünə və ya valideyninə qarşı zorakılığı ilə nəticələnir. Məsələn əvvəllər uşağın valideynə qarşı zorakılıq halı demək olar ki, birmənalı şəkildə qeydə alınmırdı. Son zamanlar uşaqların valideynə qarşı törətdikləri cinayətlər barədə məlumatlar alırıq”.
Mehriban Zeynalova qeyd edib ki, valideynlərin uşağı döyməsinə görə cərimənin tətbiqi ilk növbədə hüquqi mesaj xarakteri daşıyır:
“Dövlət bununla bildirir ki, uşağın fiziki toxunulmazlığı qorunmalı olan hüquqdur və tərbiyə zorakılıq vasitəsilə aparıla bilməz. Bu dəyişiklik yalnız cəza mexanizmi yaratmaq məqsədi daşımır, eyni zamanda cəmiyyətdə valideynlik mədəniyyətinin dəyişməsinə və alternativ tərbiyə metodlarının təşviqinə yönəlmiş addım kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, belə qanunların real təsiri isə yalnız cərimə ilə ölçülmür:
“Əsas dəyişiklik cəmiyyətin münasibətində baş verir. Valideynlər üçün maarifləndirmə proqramları, psixoloji dəstək xidmətləri və müsbət tərbiyə metodlarının təşviqi ilə birlikdə tətbiq edildikdə bu kimi hüquqi mexanizmlər uşaqların daha təhlükəsiz mühitdə böyüməsinə kömək edə bilər. Çünki məqsəd valideyni cəzalandırmaq deyil, uşağa qarşı zorakılığın normal hesab olunmadığı bir sosial norma formalaşdırmaqdır”.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 14.03.2026
“Tərbiyə adı ilə zorakılıq olmaz” – Yeni qanun layihəsi nəyi VƏD edir?
Hazırda oxunan: “Tərbiyə adı ilə zorakılıq olmaz” – Yeni qanun layihəsi nəyi VƏD edir?
Hazırda oxunan: “Tərbiyə adı ilə zorakılıq olmaz” – Yeni qanun layihəsi nəyi VƏD edir?
601381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































