Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahıları tərtib edilib.
Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən, Bakı şəhərində 228 ünvanda 7 170 mənzil, Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil və Gəncə şəhərində 11 ünvanda 708 mənzil olmaqla ümumilikdə 260 ünvan üzrə qəzalı binalarda 8 342 mənzil aşkar edilib.
Həmin binaların 159-dan dövlət vəsaiti, 84-dən investor vəsaiti, 17-sinin isə həm dövlət, həm də investor vəsaiti hesabına sakinlərin köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğu ərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur.
Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binalarda yerləşən 8 342 mənzildən məskunlaşmış ailədən 655-i dövlət vəsaiti hesabına, 493-ü isə özəl investor hesabına olmaqla, ümumilikdə 1 148 ailə köçürülüb.
Eyni zamanda, Sabunçu rayonunda 46 qəzalı yaşayış binasından (782 mənzil) 27 bina (505 mənzil) üzrə məskunlaşmış ailələrin yeni mənzillərlə dövlət vəsaiti hesabına, 19 bina (277 mənzil) üzrə məskunlaşmış ailələrin isə yeni mənzillərlə investor vəsaiti hesabına təmin edilməsi nəzərdə tutulur.
Hazırda 782 mənzildə məskunlaşmış ailələrdən 123 mənzildə məskunlaşmış ailələrin dövlət vəsaiti hesabına köçürülməsi başa çatdırılıb.
Bizim.Media































































































