Süni intellekt əmək bazarını kökündən DƏYİŞİR – Bu sahədə çalışanlar RİSK ALTINDADIR

Süni intellekt əmək bazarını kökündən DƏYİŞİR – Bu sahədə çalışanlar RİSK ALTINDADIR

Hazırda oxunan: Süni intellekt əmək bazarını kökündən DƏYİŞİR – Bu sahədə çalışanlar RİSK ALTINDADIR

601176

Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında dəyişikliklər yaradır. Dünyanın bir çox ölkəsində artıq müxtəlif peşələrin avtomatlaşdırılması, bəzi iş yerlərinin isə texnologiya ilə əvəz olunması barədə müzakirələr aparılır. Bu proses bir tərəfdən məhsuldarlığın artmasına imkan yaratsa da, digər tərəfdən müəyyən sahələrdə çalışan insanların iş yerlərini itirməsi riskini də gündəmə gətirir.

Bu mövzu Azərbaycanda da müzakirə olunub. Belə ki, martın 3-ü Ombudsman Səbinə Əliyeva Milli Məclisdə çıxışı zamanı süni intellektin gələcəkdə yarada biləcəyi ixtisar risklərinə diqqət çəkərək hökuməti bu prosesə hazır olmağa çağırıb. Ombudsman bildirib ki, belə hallarda işini itirə biləcək insanların hüquqları qorunmalı və onların yeni iş imkanları tapmasına dəstək verilməlidir.

Bəs süni intellektin təsiri ilə ilk ixtisarların hansı sahələrdə baş verəcəyi gözlənilir və bunun qarşısını almaq və ya təsirlərini azaltmaq üçün hansı addımlar müzakirə olunur?

Mövzuya münasibət bildirən İT mütəxəsisi Elvin Abbasov Bizim.Media-ya deyib ki, süni intellektin tətbiqi ilə ilk ixtisarların daha çox təkrarlanan sahələrdə baş verəcəyi gözlənilir:

“Milli Məclisdə qaldırılan bu çağırış, süni intellektin əmək bazarına təsirlərini hüquqi və sosial müstəvidə qiymətləndirməyi tələb edir.
 

Süni intellektin tətbiqi ilə ilk ixtisarların daha çox rutin, təkrarlanan və böyük həcmli məlumat emalı tələb edən sahələrdə baş verəcəyi gözlənilir. Bura xüsusilə müştəri xidmətləri (call-center), məlumat daxiletmə operatorları, mühasibatlığın texniki hissələri və standart hüquqi sənədlərin hazırlanması daxildir.


Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq ölkəmizə yeni texnoloji imkanlar qazandırsa da, bu keçid prosesində vətəndaşların əmək hüquqlarının qorunması üçün yeni tənzimləmə mexanizmlərinə ehtiyac var”.

Onun sözlərinə görə, ixtisarların qarşısını almaq üçün əsas strategiya işçilərin yenidən ixtisaslaşma proqramlarına cəlb edilməsidir:

“Şirkətlərin süni intellekt tətbiqi səbəbindən işçi azad etməzdən əvvəl, həmin kadrların yeni rəqəmsal bacarıqlara yiyələnməsi üçün təlim keçməsini təmin edən qanunvericilik bazası formalaşdırıla bilər.
 

Məsələn, texniki hesabatlarla məşğul olan bir əməkdaş süni intellekt sistemlərinin çıxardığı nəticələri analiz edən mütəxəssisə çevrilə bilər. Bu yanaşma həm iş yerlərinin saxlanılmasına, həm də ölkənin ümumi rəqəmsal savadlılıq səviyyəsinin artmasına kömək edir. Süni intellekt dövründə işsizlik riskini azaltmağın yolu texnologiyanı məhdudlaşdırmaqdan deyil, insan kapitalını bu dəyişikliklərə hazırlamaqdan keçir.


Dövlətin tənzimləyici rolu təhsil sisteminin əmək bazarının yeni tələblərinə çevik uyğunlaşdırılmasında və sosial müdafiə mexanizmlərinin gücləndirilməsində özünü göstərməlidir. Vətəndaş məsuliyyəti çərçivəsində isə hər bir fərd davamlı öyrənmə prinsipi ilə öz rəqəmsal bacarıqlarını inkişaf etdirməyə çalışmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO