Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımaq və bu kimi əməllərə görə məsuliyyət müəyyən olunur.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Məcəlləyə "Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulması" adlı yeni maddə əlavə edilir.
Layihəyə əsasən, "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə - min beş yüz manat məbləğində cərimə ediləcək.
Həmçinin, xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək.
Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulacaq.
Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlayan şəxslərə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaqlar.
Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə - min beş yüz manat məbləğində cərimə ediləcək.
İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə olunacaqlar.
Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları ve sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə müəyyən ediləcək.
Qeyd edilib ki, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Günay Şahmar, Bizim.Media

































































































