Hazırda Azərbaycanda ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellekt vasitəsilə səs təqlididir.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Əşrəfov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.
"Bu prosesdə dələduzlar əvvəlcə hədəf seçdikləri vətəndaşın özünə zəng edərək onun səsini yazır və yaxud sosial şəbəkələrdə paylaşılmış video görüntülərdən səs nümunələri əldə edirlər.
Daha sonra xüsusi süni intellekt proqramları vasitəsilə həmin şəxsin səsi təqlid edilir. Cinayətkarlar bu saxta səsli proqramlardan istifadə edərək vətəndaşın yaxın qohumlarına zəng edirlər.
Nəticədə, zəngi qəbul edən şəxs danışanın həqiqətən öz doğması və yaxud tanışı olduğunu düşünərək tələb olunan vəsaiti dələduzların hesabına köçürür və cinayət baş vermiş sayılır", - deyə o qeyd edib.
Şöbə rəisinin sözlərinə görə, digər təhlükəli üsul elektron poçt ünvanlarının saxtalaşdırılmasıdır:
"Dələduzlar müxtəlif şirkətlərin, dövlət qurumlarının və yaxud müəyyən şəxslərin elektron poçt ünvanlarına vizual olaraq çox bənzəyən saxta ünvanlar yaradırlar.
Bu ünvanlardan göndərilən məktublar rəsmi sənəd təsiri bağışlayır. Məktubun mətnində adətən invoys (invoice), ödəniş tapşırığı və ya bank rekvizitlərinin dəyişdirilməsi barədə saxta məlumatlar yer alır.
Şirkət rəhbərləri və yaxud məsul şəxslər bu "mail"lərin rəsmi olduğuna inanaraq ödənişləri dələduzların təqdim etdiyi yeni bank rekvizitlərinə yönləndirirlər. Beləliklə, pul vəsaitləri birbaşa cinayətkarların nəzarətində olan hesablara daxil olur və mənimsənilir".
Bizim.Media
































































































