Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-1-ci maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.
Qeyd edilib ki, maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (doqquz min manatdan on üç min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir.
Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması" cəzası da əlavə edilir.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir.
Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyrikommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
İnzibatı Xətalar Məcəlləsının 410-cu maddəsində də bununla əlaqədar dəyişikliklər nəzərdə tutulur. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.
Günay Şahmar, Bizim.Media































































































