“Azərbaycan qadını əsrlər boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə tariximizə ən parlaq səhifələr yazıb. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə də seçilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlara ünvanladığı təbrikdə qeyd olunub.
Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolunun bir daha təsdiqləndiyini qeyd edən Z.Həsənov bildirib: "Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlarımız da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və tarixi ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında, bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.
Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir".
Bizim.Media





























































































