Daşınmaz əmlak alqı-satqısı zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri mənzildə əvvəlki sahibdən qalan qeydiyyat məsələsidir. Bir çox alıcı düşünür ki, mülkiyyət hüququnu əldə etdikdən sonra mənzil tam şəkildə onun ixtiyarına keçir və orada qeydiyyatda olan şəxslər avtomatik çıxarılır. Lakin düşündüyü kimi olmur, təzə evinin “dad”ını çıxarmamış dərd-səri başlayır, məlum olur ki, evin qeydiyyatında tanımadığı adamlar da var.
Bəs bu gələcəkdə nə kimi hüquqi problemlər yarada bilər?
Hüquqşünas Vüsal Bəndəliyevin Bizim.Media-ya açıqlamasına görə, məsələ əsasən qeydiyyatın xarakterindən və həmin şəxsin hüquqi statusundan asılıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mənzilin mülkiyyətçisi dəyişdikdə, əvvəlki qeydiyyatda olan şəxslərin yaşayış hüququ avtomatik olaraq ləğv edilmir. Əgər həmin şəxs ailə üzvü olubsa və ya müqavilə əsasında yaşayış hüququ əldə edibsə, o özü könüllü qeydiyyatdan çıxmırsa, onun çıxarılması yalnız məhkəmə qaydasında mümkündür. Xüsusilə şəxs azyaşlıdırsa bu, problemi daha da dərinləşdirir.
Çünki azyaşlıların qeydiyyatdan çıxarılması üçün qəyyumluq orqanlarının razılığı tələb olunur.
“Bundan başqa, şəxsin yaşayış hüququ qabaqcadan imzaladığı müqavilə ilə qorunursa, məsələn, əvvəlki sahib notarial qaydada ona ömürlük istifadə hüququ veribsə, yeni sahib həmin hüququ dərhal ləğv edə bilməz. Bu da yeni sahibə gələcəkdə problemlər yaradacaq.
Xüsusilə, mənzilin yenidən satışı zamanı daha gözüaçıq alıcı belə riskli əmlaka yaxın durmayacaq. İpoteka zamanı da problemlər yarana bilər. Əgər qeydiyyatda yad şəxs qalırsa, banklar ipoteka verməkdən imtina edə bilər. Ona görə də ev alarkən diqqətli olmaq lazımdır, mənzildə qeydiyyatda olan şəxslər barədə arayış alın. Bundan başqa, alqı-satqı müqaviləsində qeydiyyatda kimsə varsa, onun adının çıxarılması təmin edilməlidir”.
Şəfiqə Şəfa, Bizim Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 06.03.2026
Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır
Hazırda oxunan: Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır
Hazırda oxunan: Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır
599685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































