Qusar Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə fevralın 20-də Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, keçirilən panel müzakirələri aqrar sahə ilə birbaşa və bilavasitə əlaqəli olan dövlət qurumlarını, maliyyə təşkilatlarını, fermer və sahibkarları bir araya gətirir və bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli, eləcə də özəl sektorun nümayəndələri çıxışlarında aqrar sahədə dövlət dəstəyi mexanizmlərinin fermer və sahibkarlar üçün yaratdığı imkanlardan danışıblar.
Qeyd olunub ki, subsidiya, güzəştli kredit, lizinq və aqrar sığorta alətləri kənd təsərrüfatı istehsalının genişlənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Çıxış edənlər fermerlərin mövcud mexanizmlərdən məlumatlı olmalarının və daha fəal şəkildə yararlanmalarının vacibliyini vurğulayıb, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin aqrar sahənin dayanıqlı inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, bu cür platformalar bölgələrdə sahibkarların məlumatlandırılmasına, yeni təşəbbüslərin formalaşmasına və yerli istehsalın təşviqinə müsbət təsir göstərir.
Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, özəl maliyyə qurumlarından “Unibank” və “Aqrar Kredit”in nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.






























































































