Xəbər verildiyi kimi Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Şəhər inzibati ərazi vahidinə çevriləcək.
Bu məsələ “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb və Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.
MÖVZU İLƏ BAĞLI:
3 icra hakimiyyətində maliyyə pozuntuları aşkar edildi - DETALLAR
Maraqlıdır, əhalisi 50 min nəfərdən az olan kiçik rayonlar ləğv edilə bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin üzvü, Vahid Əhmədovun fikrincə, Azərbaycanda mövcud olan 14 iqtisadi rayon üzrə bir aparat yaratmaq lazımdır və prezidentin həmin ərazilərə görə vahid nümayəndəsi olmalıdır:
“Məsələn, bu yaxınlarda prezident Qarabağ üzrə nümayəndə təyin etdi və bütün Qarabağın praktiki olaraq idarəedilməsini ona tapşırdı. Bütün icra hakimiyyətləri ləğv olunmalıdır. Onlar artıq yaşayıblar və neqativ hallar kifayət qədərdir. Sosial sahələrdə səlahiyyətləri daha çox bələdiyyələrə vermək lazımdır. O cümlədən Gəncə... Böyük bir şəhərin yanında iki rayon yaradılıb. Hər rayonun polisi, prokurorluğu, məmuru, buna nə ehtiyac var? Digər rayonlara da bu, şamil edilməlidir”.
Deputatın sözlərinə görə dövlət başçısının son dövrdə apardığı kadr və struktur islahatları müsbətə doğru atılmış addımlardır:
“Bu davam etdirilməlidir və dayanmamalıdır. Həm paytaxtda, həm də ayrı-ayrı rayonlarda polis şöbələri, prokurorluq və icra hakimiyyətləri var. İstanbulun əhalisi təxminən 21 milyon nəfərdir. Bir şəhər bələdiyyəsi və prezidentin bir nümayəndəsi İstanbulu idarə edirlər. Problem yoxdur ki?”,- deyə millət vəkili əlavə edib.
Alçina Amilqızı, Bizim.Media