Son zamanlar qızılın qiymətində dəyişikliklər daha intensiv xarakter alıb.
Son məlumatlara görə, Nyu-Yorkdakı COMEX əmtəə birjasında 2026-cı ilin aprel ayına təslimat üçün hər troy unsiya qızıl fyuçerslərinin qiyməti 1,11 faiz artaraq 5 035 dollara çatıb.
Xatırladaq ki, bir müddət əvvəl qızılın qiyməti ən yüksək həddə, 5600 dollaradək yüksəldi. Sonradan isə qiymətdə kəskin eniş oldu və qızılın qiyməti 4700-ə qədər endi. Amma indi görünən odur ki, kəskin ucuzlaşan qızılın qiyməti yenidən yüksəlir.
Görəsən, qızılın qiymətində növbəti rekordlar gözlənilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov qızılın bahalaşma istiqamətində növbəti rekorda imza atacağını istisna etməyib:
“Qızılın bir unsiyasının qiyməti bir müddət öncə 5600 dollara yüksəldi. Sonra eniş baş verdi ki, bu da təbii haldır. Çünki texniki olaraq, korreksiya baş verməli idi. Amma bu da qısa müddətli oldu. İndi yenidən bahalaşma davam edir. Hazırda qızılın qiyməti 5100 dollar səviyyəsinə çatıb”.
Qızılın qiyməti 7500-10000 dollar ola bilər.
Ekspert qeyd edir ki, hazırda qiymətin 7500, hətta 10000 dollara çatacağı barədə proqnozlar səslənir:
“Tələbat da artır. Bir çox ölkələr öz ehtiyatlarını qızıla çevirirlər. Bu da bahalaşma istiqamətində təzyiqi artırır”.
Bununla yanaşı, müsahibimiz baş verən bu növbəti yüksəlmənin eniş üçün siqnal olması ehtimalını da istisna etməyib:
“Dünya ticarət platformalarında spekulyativ alət deyilən varlıq hər hansı bir məntiqi kənara qoyaraq, məntiqə sığmayan addıma da gedə bilər. Yəni tələbat ola-ola kifayət qədər dərin ucuzlaşmanın da şahidi ola bilərik. Ona görə ehtiyatlarını qızıla çevirmək istəyənlər bilməlidir ki, bu səviyyədə qızıl bazarına girişin özü risklidir. Bir var zamanında onu 2000-2500 dollardan alasan, bir də var 5700-7500-dən alıb, 10 minə qalxacağı ümidi ilə yaşayasan”.
Rüfət Sultan, Bizim.Media


































































































