Salyanın tozlu yollarından Buxarestin lüks məhəllələrinə uzanan yol...

Salyanın tozlu yollarından Buxarestin lüks məhəllələrinə uzanan yol...

Hazırda oxunan: Salyanın tozlu yollarından Buxarestin lüks məhəllələrinə uzanan yol...

594619

Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyadakı "villa krallığı" xəbəri sosial şəbəkələrdə günlərdir müzakirə olunur. İddialara görə Tahir Kərimov bu xəbərlərdən sonra təcili bilet alaraq oğlunun yanına gedib.
 

MÖVZU İLƏ BAĞLI:

Kərimov qardaşlarının Rumıniya macəraları - Çoxsaylı mülklər necə əldə edilib?


Bir vaxtlar Salyanda "asfaltın üstünə xalça saldıran" icra başçısının övladının indi Buxarestin ən bahalı səmtində 40 villalıq kompleks alması kimisə təəccübləndirməməlidir. Amma məsələ təkcə villalar deyil...

Baxırsan ki, gənc azərbaycanlı Avropada "Memaar Capital" adlı nəhəng şirkət qurub, Corce Bekali kimi maqnatlardan mülk alır, rezidensiyalar tikir. Böyük uğurdur. Amma ortaya sual çıxır: bu "uğur hekayəsi" Salyanın tozlu yollarından Buxarestin lüks məhəllələrinə necə uzandı?

Ümid bəy özü deyir ki, "ailəmiz hər şeyə görə dövlətə borcludur". Elə bu cümlənin içində hər şey var. Bir qədər səmimi səslənmir, həqiqətən də o sərvətin kökü o dövlət postlarından, o xalçalı yollardan keçib gəlir?



İndi Rumıniya mətbuatı bu gəncin investisiyalarından ağızdolusu danışır. "Harmony Homes", "Harmony Gardens"...

Adlar da necə gözəldir, necə huzurvericidir. Amma o huzurun təməlində illər öncə Salyanda hansısa kəndlinin həll olunmayan dərdi, yaxud büdcədən "yayınan" hansısa qəpik-quruşun izi var?

Bu sualın cavabı hələ ki, məlum deyil.

Bizim.Media xəbər verir ki, Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirir ki, hər şey qanunidir. Şübhəsiz, Rumıniyada sənədlər qaydasındadır, vergilər ödənir, möhürlər vurulub. Artıq o pullar "təmizlənib", Avropa iqtisadiyyatının qan damarlarına qarışıb. Sadəcə, insan düşünür: görəsən, Salyanın o bərbad yolları ilə Buxarestin bu lüks villaları arasında nə vaxtsa ədalət tərəzisi qurulacaq?

Yoxsa hər şey elə "ailəmiz dövlətə borcludur" səmimiyyəti ilə də bitəcək?

Məsələ hələ çox müzakirə olunacaq, amma dəqiq olan tək şey var. Salyanın keçmiş başçısı Tahir Kərimovun kölgəsi indi Rumıniyanın günəşli villalarının üstünə düşür. Və o kölgə asanlıqla çəkilənə oxşamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO