“Bir də gördüm Vasif görüntülü yığdı, gördüm Vasifin üzü qan içindədi. Görən kimi, anan ölsün, ay Vasif, deyib ağladım…”
Bizim.Media xəbər verir ki, 2023-cü il yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən silahlı hücum zamanı terrorçunun üstünə əliyalın şığıyaraq, onu zərərsizləşdirən, bununla da onlarla insanın həyatını xilas edən, şuşalı qəhrəman Vasif Tağıyevin anası “Təzadlar.az”ın qonağı olub…
Bildiyimiz kimi, yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən məlum terror hücumunun 3 ili tamam olur. Bu hücum nəinki bizləri, hətta bütün dünyanı şoka salmışdı. Ikinci və daha ağır şoku isə, avtomatlı terrorçu Yasin Hüseynzadənin üzərinə əliyalın, qartal kimi şığıyan Vasif Tağıyev, onu zərərsizləşdirəndə yaşadıq. Bu, inanılmaz bir qəhrəmanlıq nümunəsi idi.
Avtomatla atəş açan bir terrorçunun üzərinə, əliyalın getmək, ölümün gözünə dik baxmaq deməkdir. Burada saniyələrin böyük önəmi var idi. Bunu hesablayan qəhrəman Vasif bəy, elə çatdıra bilmədiyi o saniyələrin birində iki yerdən güllə yarası alsa da, qorxmadı, geri çəkilmədi və terrorçunu tam zərərsizləşdirdi. Bununla da səfirliyin yuxarı mərtəbəsində olan ailələri və uşaqları real ölümün pəncəsindən xilas etdi.
Biz başqalarının həyatını xilas etmək üçün özünü könüllü olaraq, ölümün ağuşuna atan şuşalı qəhrəman Vasif Tağıyevə Milli Qəhrəman adının verilməsini gözləyirdik, amma nədənsə 1-ci dərəcəli Rəşadət Ordeninə layiq görüldü. Buna baxmayaraq, inanırıq ki, Vasif bəy nə vaxtsa, layiq olduğu qəhrəman adını alacaq. Əslində, V.Tağıyev xalqımızın gözündə elə əsl qəhrəman kimi ucaldı və ürəklərdə özünə qəhrəman kimi də əbədi yuva saldı.
Maraqlıdır, bəs belə qəhrəman oğul hansı ailədə dünyaya gəlib? Hansı ata ona igidlik dərsini aşılayıb ki, belə qorxmaz, vətənpərvər oğul böyüyüb? Hansı ana Vasif bəyə vətəni ana kimi sevməyi öyrədib?

Elə Vasif bəyin anası Təranə Tağıyeva ilə söhbətimizdə bu suallara aydınlıq gətirməyə çalışdıq. Yenidən 3 il əvvəlki həyəcanlı anlara qayıtdıq. Təranə xanım həmin anda ana kimi nələr yaşadığını o hadisənin ildönümü ərəfəsində ilk dəfə bizimlə bölüşdü.
–Təranə xanım, dəvətimizi qəbul edib, redaksiyamıza gəldiyiniz üçün kollektivimiz adından sizə təşəkkür edirik. Sizi təbii ki, təqdim eləməyə ehtiyac yoxdur. Yanvarın 27-də bu hadisənin 3-cü ildönümü tamam olur. Əliyalın, heç kimin tanımadığı bir insan, əli silahlı avtomatlı terrorçunun üzərinə yeridi, özü yaralansa da onu zərərsizləşdirdi və nə qədər də insanı ölümdən xilas elədi.
Sonradan məlum oldu ki, bu qəhrəman şuşalı Vasif Tağıyevdir. Və lap sonradan məlum oldu ki, siz də onun anası Təranə xanımsınız. Təranə Tağıyeva. Bizə çox xoş oldu ki, bu hadisənin növbətiil dönümü ərəfəsində sizinlə söhbət edirik. Hər halda, ana övladı üçün hansı hisslər keçirir, onu ancaq analar bilər. Ona görə istəyirəm 3 il əvvələ qayıdaq və sizə belə bir sual ünvanlamaq istəyirəm. İlk dəfə bu hadisəni eşidəndə hansı hisslər keçirdiniz?
–Dəvətə görə çox sağ olun. Sizə və kollektivinizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun…. 3 il bundan əvvəlki hadisə elə bil ki, bu gün olub. Siz danışdınız, mən kövrəldim bir az… Həmin günü mən səhər-səhər işə getdim.Tezdən Vasiflə danışmışdım.
Vasif dedi ki, ana, narahat olma mən də işdəyəm, hər şey qaydasındadır… İşə getdim elə bir saat sonra yoldaşım Natiq zəng elədi ki, bəs belə bir xəbər eşitsən televizorda, ya telefonda görsən, narahat olma, Tehranda səfirlikdə belə bir hadisə baş verib, Orxan şəhid olub. Allah rəhmət eləsin, bütün şəhidlərimizə. Hə, Orxan şəhid olmuşdu… Eşidəndə mən bildim ki, bu elə-belə bir hadisə deyil. Dərhal soruşdum ki, bəs Vasif necədir?
Dedi ki, Vasiflə əlaqə saxlamışam, yaxşıdır. Cəld mən də Vasifə zəng etdim. Nə qədər zəng elədim, cavab vermədi, səsli mesajlar göndərdim, yenə cavab vermirdi. Inanın ki. həyacanımdan özümə yer tapa bilmirdim. Sonra yazdım ki, Vasif, çox nigaranam, bir dəfə özünü mənə göstər, üzünü görüm, ondan sonra mən səninlə əlaqə saxlamayacağam, bilim ki, salamatsan. Bundan sonra bir də gördüm Vasif görüntülü yığdı, görüntülü yığanda gördüm Vasifin üzü qan içindədi.” …Vasif hadisənin qabağını alarkən iki güllə yarası almışdı. Bir güllə çiynindən dəyib kürəyindən çıxmışdı, bir güllə də çənəsindən girib yanağından çıxmışdı...”

Görən kimi, anan ölsün, ay Vasif, deyib ağladım. Vasif dedi ki, ana, nigaran qalma, danışa bilmirəm… Sonra özü də kövrəldi, dedi ki, Orxan şəhid oldu, yenə kövrəldi telefonda… Bir də dedi ki, “…ana, ağlama, narahat olma, hər şey qaydasındadır”, -deyib telefonu söndürdü. Elə bir vəziyyət idi ki, çox danışa bilmirdi. Sonra televiziyalarda və sosial şəbəkələrdə xəbərlərə baxdıq, hamı kimi biz də başladıq hadisəni televiziyada izləməyə.
Xəbərlərdə göstərdilər ki, səhər saatlarında terrorçu gəlir atəş açır, Orxanı şəhid eliyir, Mahir yaralanıb, Vasif də hadisənin qabağını alarkən iki güllə yarası almışdır. Bir güllə çiynindən dəyib kürəyindən çıxmışdı, bir güllə də çənəsindən girib yanağından çıxmışdı... Sinəsindən dəyən gülləni avtomat kalaşnikovdan atmışdı terrorçu, o birisini isə tapança ilə vurmuşdu. Əvvəl biz də bilmirdik. Tapançayla vurduğu güllə çənəsindən dəyib yanağından çıxmışdı.
Terrorçu ilə əlbəyaxa olan zamanda isə Vasif atəşin qarşısını almaq üçün avtomatın darağını çıxarıb kənara tulkayıb... Amma avtomatın “maqazinini” çıxarana qədər terrorçu Vasifi çiynindən vura bilmişdi. “Maqazinini” çıxardanda terrorçu deyib ki, hamınızı öldürəcəyəm, birinizi də sağ qoymaram. Vasif də deyib ki, bacarmazsan. “Bacarmazsan” deyəndə terrorçu gülüb. Əlini salıb cibindən tapançanı çıxardıb. Videolara diqqətlə baxanda görünür ki, tapançanın gülləsi çənəsinin altından dəyib, yanağından çıxıb. Şəkilləri də göstərərəm sizə, baxın…
Deyirəm ki, Vasif, bəs niyə öldürmədin onu, öldürərdin də. Deyir, ana, öldürə bilməzdim axı, bizim dövlətin adına ləkə olardı, mən onu öldürsəydim min bir ad qoyacaqdılar, əsas odur ki, saxladım, ram etdim… Və Vasif terrorçunu bir dəfə çıxardır çölə, amma o ikinci dəfə bir də hücum edir. İkinci dəfə qapını sındırır, videolarda da görünür, qapını sındırır, təzədən girir içəri. Təzədən bir başqa maqazin götürür və avtomatı yenidən doldurub, bir də girir içəri… Səfirliyin binasında o qədər əhali, arvad-uşaq, səfirliyin işçiləri, ailələri, hamısı içəridə idi…
– Təranə xanım, mənim üçün də maraqlı bir fakt oldu ki, hətta tapançadan da atəş açıb. Allah Vasif bəyi qoruyub. Bəli, həmin hadisəni eşitdiniz və bildiniz. Həyat yoldaşınız Natiq bəy də dedi ki, belə hadisə olub, sonra özüylə də danışdınız. Bəs bu hadisələri nə vaxt bildiniz ki, belə yaralanıbdır- həm tapançadan, həm də avtomatdan…
– Biz Vasifin yaralanmağını heç bilmirdik. Görüntülü danışanda üzünün qanlı olduğunu gördüm, özü də dedi ki, qorxulu bir şey yoxdur. Heç güllə yarası olduğunu bilmirdik. Hə, sonra gördüm ki, Vasiflə əlaqə saxlaya bilmirəm. Oradakı bir dostu ilə əlaqə saxlayırdım. O da deyirdi ki, narahat olmayın, Vasif yaxşıdır.
Deyirdim ay bala, yaxşıdısa, özü danışsın da... Vasif niyə danışmır? Dedi ki, həkimlər yoxlayırlar, aparatlardan keçirirlər. Dedim axı, o mənimlə ayaq üstə danışırdı, nəyi var ki, aparatlarda yoxlayırlar? Nə olub ki, ona? Sən demə, aldığı güllə yaralarına görə onu əməliyyat edirlərmiş. Əməliyyat 9 saat çəkmişdi. Bir də səhərisi günü biz Vasiflə əlaqə saxlaya bildik.
– Hə, doğurdan da bu böyük qəhrənanlıqdır. Sizin oğlunuz olduğu üçün demirəm, bu Azərbaycan xalqının oğludur, igiddir, qəhrəmandır. Amma mənə elə gəlir ki, siz bir anasınız, təbii ki, onu deyə də bilər, deməyə də bilərsiniz, mən bir jurnalist olaraq deyirəm ki, Vasif bəy layiq olduğu adı almadı o hadisəyə görə. Siz necə düşünürsünüz?
– Bəli,Vasif doğrudan da böyük qəhrəmanlıq göstərdi. Amma yüksək fəxri ad üçün etməyib bunları… Onun ən böyük mükafatı elə səfirlikdəki o qədər insanı terrorçunun əlindən xilas etməyidir… Bir də terrorçunu ram etməyi, ona kimliyini sübut etməyi… Əliyalın olaraq avtomatlı bir terrorçunun üzərinə yeriyəsən, onu zərərsizləşdirəsən və bununla da tutaq ki, indi Allah rəhmət eləsin, Orxan rəhmətə getdi, Mahir yaralandı, amma səfirliyin yuxarı mərtəbəsində ailələri, işaqları olublar, onlar xilas edildi. Özü də bu adam yuxarıya can atırdı ki, bu ailələri də məhv etsin… Baş verə biləcək böyük bir faciənin qaşısını Vasif aldı. Bu ailələr indi də mənimlə əlaqə saxlayırlar.

“Vasif terrorçuya iki yanğınsöndürən balon atır, biri terrorçunun ayağına, o biri də başına dəyir. İkinci balon başına dəyəndə terrorçu özünü itirir və güllələri hara gəldi atır ki, kimə nə olur, olsun… Amma sonda olan elə onun özünə oldu…”
– Elə onu da soruşacaqdım sizdən ki, o ailələrlə əlaqəniz varmı?
-Əlbəttə, var. Uşaqlarının hər ad günündə deyirlər ki, biz göydə Allah, yerdə Vasif müəllimin sayəsində hər il uşaqlarımızın ad gününü keçiririk. Onların məndə yazılı mesajları da var. Yazıblar ki, çox qorxmuşdular. Onlardan, hətta biri deyir ki, biz elə bildik, sanki Xocalı hadisəsini yaşayırıq.
Səhər -səhər uşaqları ayaqyalın götürüb qaçdıq yuxarı mərtəbələrə. Vasif müəllim elə qışqırırdı ki, tez uşaqları qaldırın yuxarı mərtəbəyə. Özü də pilləkəndə terrorçunun qabağını kəsib, ölüm-dirim mübarizəsi aparırdı. İkinci dəfə terrorçu girəndə Vasif yanğınsöndürmə balonlarını terrorçunun başına atır, məndə şəkillər var, göstərərəm sizə. İki balon atır, biri terrorçunun ayağına, o biri də başına dəyir. İkinci balon başına dəyəndə özünü itirir və güllələri hara gəldi atırdı ki, kimə nə olur, olsun… Amma sonda olan onun özünə olur… Yanğınsöndürmə balonu başına dəyəndən sonra terrorçu çölə çəxmağa məcbur olur.
O ailələr də indinin özünə kimi bizi unutmurlar, arabir bizə gəlirlər. Vasif evə gələndən sonra o uşaqların Bakıda olan nənələri bizə gəlmişdilər. Çox istəyirdilər ki, gəlib Vasifə qulluq eləsinlər, bir gecə qalıb onun əziyyətini çəksinlər. Hər gün gəlirdilər bizə. Yəni, onlar həyatlarını Vasifə borclu bilirlər. Vasifin də borcu idi onları qorumaq…
– Bu balon söhbəti də mənim üçün yenilikdir. Halal olsun belə oğula. Bütün mümkün olan və olmayan vasitələrlə terrorçu ilə mübarizə aparıb. Bunlar tarix üçün yazılmalıdır. Təranə xanım, məni bir sual o vaxtdan bəri narahat edirdi və bilmirdim cavabını kimdən alım. İndi sizə də verirəm, nə’dərəcədə düzdü, bilmirəm. Vasifgil mühafizə xidmətində işləyiblər də, bunların silahı olmayıb məgər?
– Yox, olmayıb. Tehrandakı səfirlikdə mühafizə xidmətinin silahı olmur. Hə, yəni, mən də fikirləşdim ki, necə yəni mühafizədə silah olmasın?
– Təbii ki, böyük və qürurverici duyğudur, çünki fəxr edirsiniz ki, bir ana kimi oğlunuz belə bir böyük qəhrəmanlıq edib. Bəli, belə hadisədən sonra təbii ki, sizi tanıdılar, işdə bildilər ki, belə qəhrəman oğulun anasısınız, qohum-qonşu bildi. Bundaan sonra bir qəhrəman anası kimi yaşamaq necə bir hissdir?
– Çox gözəl hissdir. Vaallah, bunu sözlə ifadə eləmək olmur. Hamı gəlib mənimlə görüşəndə “Qəhrəmanımızın anasıdır” deyirlər, Vasifi soruşurlar. Nə bilim, mən də sevinirəm, üəyim açılır, fərəhlənirəm. Məsələn, siz də o cür deyirsiniz ki, Qəhrəman anası, əlbəttə, adama yaxşı təsir bağışlayır.
–Bu, ürəkdən gələn sözlərdir, xoş gəlmək üçün deyilən söz deyil, fakt budur. Bilirsiniz, Təranə xanım, mənim fikrimcə, qəhrəmanlıq təkcə döyüş cəbhəsində olmur. Səfirliyimiz də bir döyüş cəbhəsinə çevrilmişdi həmin anda. Çünki hansısa bir dövlətin başqa bir dövlət ərazisində səfirliyi onun suveren ərazisidir. Dövlətimizin suveren ərazisinə, bir var Qarabağda ermənilər hücum edib, bir də var ki, xarici dövlətdə yenə bizim suveren ərazimizə hücum edilib. Amma burda Qarabağdan fərqli olaraq, bizimkilərin əlində silah olmayıb.
Silahsız, əliyalın o terrorçunun üstünə gedilir… Və çox böyük bir faciənin qarşısını almaq sözün həqiqi mənasında böyük qəhrəmanlıqdır. Təranə xanım, qəhrəmanımızın uşaqlığı necə keçib, hansı hisslərlə böyüyüb? Məsələn, siz Şuşadansınız. Azərbaycanın baş tacı olan Şuşa adı gələndə hamının qəlbində bir sim tərpənir həqiqətən. Vasif də yəqin Şuşada doğulub, orda böyüyüb. Məktəbi necə oxuyub? İşğal dövründə Qarabağ, Şuşa haqqında nə danışırdı? Bunları da bilmək maraqlı olardı.
–Vasif elə uşaqlıqdan ağıllı, tərbiyəli, yaxşı oxuyan uşaq olub. Hamı çox istəyirdi onu. Elə qohum-əqrəba da, məktəbdə də çox istəyirdilər Vasifi. Hara getsə, onu xoş qarşılayırdılar. Həmişə vətənpərvər olub, fəxr edirdi bizim qəhrəmanlarla. Tam səmimi deyirəm, Prezidentimizi olduqca çox istəyir və qalib prezident kimi fəxr edir onunla. Özü də Prezident Qvardiyasında xidmət edib, dövlətimizə, xalqımıza çox bağlıdır. Vasif də hələ əsgərlik vaxtlarından Prezidenti çox istəyirdi, həmişə fəxr edirdi onunla. Telefonuna da Prezidentimizin şəklini qoyub, açan kimi onun şəklini görürük.
Həmişə deyirəm ki, Allah onu qorusun, 200 illik Azərbaycanın bir problemini həll elədi. Erməni problemini, siz deyən kimi, qara yara tək kəsib atdı bu Prezident. Əlbəttə, bu yolda şəhidlərimiz də oldu. Allah onlara rəhmət eləsin, qazilərimizə sağlamlıq, veteranlarımıza və bu yolda döyüşənlərin hər birinə Allah uzun ömür versin. Daha mən ayırmıram giziri, əsgəri, generalı, zabiti, hamısını Allah qorusun. Allah cansağlığı versin.

-Bəli, Allah bütün şəhidlərimizə rəhəmət eləsin. Kaş ki, Orxan da elə yaralanardı. Onda sağ qalardı. İndi onun da alnına belə bir ömür yazılıbmış. O da şəhiddir. Çünki Azərbaycanın suveren ərazisinə hücum nəticəsində şəhid olub. Təranə xanım, bilirik ki, daha sonradan dövlətimiz tərəfindən onlar təxliyə olundular, Azərbaycana gətirildilər, biz hamımız o kadrları gördük, yaralı vəziyyətdə Vasif bəyi də xərəkdə gətirdilər. Təbii, indi siz də, yəni o qarşılanma mərasimində olmusunuz. Bəs o zaman hansı hisslər keçirdiniz?
–Həmin günü qohum-əqraba hamımız getmişdik. Mən elə Allaha yalvarırdım ki, bircə təyyarə sağ-salamat gəlib Bakıya düşsün. Elə bilirdim ki, nəsə bir şey edərlər, nəsə bir hadisə olar. Elə hey Allaha yalvarırdım ki, təyyarə və içindəkilər, hamısı sağ-salamat gəlsinlər.
Təyyarə Bakıda aeroportda yerə enəndə, nə bilim vallah, o qədər dərman atdım, o qədər həyəcan keçirdim, heç deyiləsi deyil. Bir o uşaqlara dedim gəlin elə duraq ki, Vasif bizi həyəcanşlı, ağlamış vəziyyətdə yox, yaxşı görsün. Bilir ki, mənim də təzyiqim olur həmişə. Dedim elə edək ki, Vasif bizi qürurlu görsün, yəni fikir eləməsin də. Onsuz da o özü çox narahatdır. Mən orda bizi içəri keçirən uşaqlara dedim ki, olarmı biz əvvəlcə Orxanla görüşək. Dedilər ki, yox, ancaq ailəsi və ən yaxınları, onunla görüşə bilər. Mən çox istəyirdim ki, son dəfə Orxanla da görüşək, amma icazə vermədilər. Ona görə də birinci Vasiflə görüşdük. Nə deyim vallah, çox çətin idi elə yaralı vəziyyətdə görüşmək.
“Səfirlikdə olan ailələrin xanımları bizə dedilər ki, həmin atışma vaxtı Bakıdakı doğmalarımıza zəng edib halallaşdıq ki, daha biz ölürük, bizi bağışlayın…”
–Əsas odur ki, sağ-salamat gördünüz. İndi daha özünə də gəlib, yaraları da sağalıb. Deyəsən, onlarla birgə təyyarədə səfirliyin əməkdaşlarının ailə-uşaqları da gəlmişdi…
-Doğrudur, onlar hamısı bir yerdə gəlmişdilər. Vasif orda deyir ki, ana, aeroportda təyyarədə uşaqların səsi gəlirdi, onları eşidib kövrəldim. Deyir ona görə ağladım ki, şox şükür, mən bunların həyatlarını qurtara bildim. Nə gözəl. Deyir başımın üstündə bir qadın həkim durmuşdu. Mən ağlayanda başımı sığallayıb dedi ki, ağlama, sənə ağlamaq olmaz. Dedim ki, çox sevindiyimdən ağlayıram ki, o uşaqlar salamt qaldılar. Düzdür, bir nəfərimiz şəhid gəldi, amma görün nə qədər şəhid gələ bilərdi. Bəli, onda kövrəlmişdi Vasif.
Nəhayət, biz də görüşdük, sonra apardılar xəstəxanaya, iki dəfə əməliyyat olundu. Bir məqamı da qeyd etmək istəyirəm. Oradakı ailələr Vasifin əşyalarını və paltarlarını yığıb göndərmişdilər. Vasifin paltarlarını başqa bir çantaya yığmışdılar və üstünə də yazmışdılar ki, Vasif müəllim, həyatda qalmağımıza görə sizə borcluyuq. Mən ona baxanda o qədər ağlamışdım ki… Yəni, o xanımlar və onların uşaqları orada nə qədər həyəcanlı, qorxulu anlar yaşamışdılar. Bir də o gəlinlər bizə dedilər ki, həmin atışma vaxtı Bakıdakı doğmalarımıza zəng edib halallaşdıq ki, daha biz ölürük, bizi bağışlayın…
Sonuncu dəfə sağollaşmaq üçün zəng ediblər. Bunu həmişə belə danışırlar və danışanda yenə həyəcanlanırlar. Vasifin yanına hər gün gəlirdilər, sağ olsunlar. Nə bilim, hamısı ağlayırdı… Deyirdilər, o qədər həyəcan keçirmişdilər ki, onu sözlə ifadə etmək mümkün deyil. Hamısı dönə-dönə deyir ki, bu gün yaşadığımız üçün Vasif müəllimə borcluyuq…
–Allah sizə də can sağlığı və uzun ömür versin. Mən doğurdan da böyük bir qürur hissi keçirirəm ki, Vasif kimi qəhrəman bir oğulu dünyaya gətirən ana ilə üzbəüz oturub söhbət edirəm. Vasiflə də bir toyda, sizinlə bir yerdə təsadüfən görüşmüşük. Gördüm ki, doğrudan da Vasif bəy çox sadə, səmimi, olduqca təvazökar bir insandır. Heç deməzsən ki, avtomatlı terrorçunun üstünə əliyalın şığıyan bu sakit oğlandı… Allah qorusun, Allah can sağlığı versin. İnanıram ki, gec-tez ilahi ədalət deyilən bir şey var, o öz yerini tapacaq və Vasif bəy də xidmətinə görə özünə layiq olduğu qiymətini alacaq. Biz bunu gözləyirik. Allah canınızı sağ eləsin, çox sağ olun!
– Məni redaksiyanıza dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Yeri gəlmişkən deyim ki, o dövrdə saytlarda, qəzetlərdə və sosial şəbəkələrdə Vasif haqqında hamı yazırdı. Sağ olsunlar. Hər kəsə təşəkkür edirəm. Amma Vasif haqqında daha geniş və maraqlı məqaləni ən birinci siz yazmışdınız, “Təzadlar” qəzetində və saytınızda oxuduq… O vaxt heç sizi tanımırdım, amma Vasif haqqında bir neçə ürəkdən gələn yazılarınızı oxumuşdum. Çox fərəhlənmişdim, kövrəlmişdim hətta… Sonra sizi toyda görəndə, şəkliniz yadıma düşdü ki, bu həmin adam olacaq. Yəni, mənim sizə və qəzetinizə hörmətim çox böyükdü, Allah canınızı sağ eləsin, işlərinizdə uğurlar arzulayıram.
–Təşəkkür edirəm, Təranə xanım! Belə qəhrəman haqqında yazmaq təkcə mənim yox, hamımızın borcudur. Belə bir qəhrəman haqqında həmişə yazmaq və gündəmdə saxlamaq lazımdır. Onunla bir yerdə sizin kimi ananı da gündəmdə saxlamaq lazımdır ki, hamı tanısın və yadda saxlasın ki, bu, belə qəhrəman bir oğulu bizə bəxş edən Təranə xanımdır. Atası Natiq kişiyə də Allah can sağlığı və uzun ömür versin. Bildiyimizə görə, Vasif bəy hazırda Ukraynadakı səfirliyimizdə çalışır. Ona bu işində uğurlar arzu edirik. İnanırıq ki, harada işləməsindən asılı olmayaraq, Vasif bəydən həmişə xoş xəbərlər eşidəcəyik. Sağ olun, var olun.
– Siz də çox sağ olun! Sizə, “Təzadlar” qəzetinin baş redaktoru Asif müəllimə və kollektivinizə, mənə, Vasifə və ailəmizə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm.
– Sağ olun!
Bizim.Media


































































































