“Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra (ilk 5-6 gün istisna olmaqla) müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm”.
MÖVZU İLƏ BAĞLI:
Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA
Bizim.Media xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu, sədrliyə namizəd Elçin Ağamalı sosial şəbəkə hesabında yazıb.
“Partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çox saylı təşəbbüslər göstərsəm də, addımlarım müsbət qarşılığını görməyib. Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb.
Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 3/4-deməkdir.
Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib.
Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir.
Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.
Rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütamadi açıqlamalar veriləcək”, - deyə Elçin Ağamalı bildirib.
Məsələ ilə bağlı Fəzail Ağamalı “apa.az”a açıqlamasında bildirib ki, bu gün keçirilən qurultayın gündəliyindəki məsələlər və qəbul edilən qərarlarla bağlı yekun rəsmi məlumat açıqlanacaq.
Qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir.
Xatırladaq ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib.
Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. Lakin Fəzail Ağamalı bu nəticəni tanımayıb.

Bizim.Media
































































































