Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

591958

Son dövrlər kütləvi formada Azərbaycana gətirilən arıqlama çayları ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan məhsulların tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkarlanıb.

Həmçinin, son zamanlarda arıqlama çaylarından zəhərlənmə faktları da müzakirələrə səbəb olub.

Əsasən, xaricdən idxal olunan və sosial şəbəkə reklamları ilə satılan arıqlama çayları arasında ən məşhur olanları “Tiens Slimming Tea”, “Teacurry 28 Day”, “Herbalife” çayları, “Hyleys Slim Tea”, “Detox Fit Tea 28 Days”, “Rapid Fire Slim Lemon Herbal Tea” kimi brendlərdir.

Bəs qadınlar arasında populyar olan bu arıqlama çayları, həqiqətən, işə yarayırmı? 1 ayda 10 kq-dək çəki atmaq mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, arıqlama çayları və arıqlama həbləri biznes maraqları çərçivəsində hazırlanmış "məhsullardır":

“İstehlakçıları aldatmaq üçün ən çox istifadə etdikləri üsul bu çayların bitki mənşəli olmasıdır. Amma məhsulun bitki mənşəli olması o demək deyil ki, məhsul zərərsizdir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, həm də yan təsirləri var. Əgər bitki mənşəli çay arıqlamağa səbəb olursa, bu, orqanizmin normal və təbii prosesinin müdaxilə yoluyla pozulması deməkdir.
 

Bəzən bu vasitələr insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal və qusma halları yaradır ki, bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi və eyni zamanda, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir. Belə olan halda insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avto-immun xəstəliklərin yaranmasına birmənalı şəkildə səbəb olur.


Əgər bunlar kor-koranə şəkildə istifadə olunursa, bu zaman orqanizmdə daha ciddi fəsadlara yol açır və ciddi anoreksiyanın yaranmasına səbəb olur. Həm də vitamin-mineral çatışmazlığından saçların tökülməsi, dırnaqların qırılması, dəridə sızanaqların yaranması, mədə problemləri və orqanizmin daxili orqanlarının funksiyasının pozulması ilə nəticələnir”.

Sağlam qidalanma mütəxəssisi arıqlama çaylarının zərərlərindən danışarkən, xüsusilə də, gələcəkdə ana olmağı planlaşdıran xanımlara xəbərdarlıq edir:

“Əgər gənc xanımlar ana olmadan öncə bunlardan istifadə edərsə, bu çaylar orqanizmin zədələnməsinə və dünyaya xəstəlikli uşaqlar gətirməsinə səbəb ola bilər. İnsanlarda, xüsusilə də, immun çatışmazlığı, artıq qan azlığı, vitamin-mineral çatışmazlığı nəticəsində orqanların funksiyalarını yerinə yetirməməsi kimi problemlər yaradır. Bu problemlər isə xərçəngə, diabetə və bəzən də artıq mədəaltı vəzin tamamilə sıradan çıxmasına səbəb olur”.

Mütəxəssis qeyd edir ki, bu məhsullar daha çox reklamlarla satılır və istehsal olunduğu yer, mənşəyi və istehsalçı şirkət haqqında güvənli məlumatlar olmadığı üçün xoşagəlməz hallar olduqda bəzən insanlar hara, kimə müraciət edəcəyini belə bilmir:
 

“Təbii ki, reklam üçün hər zaman əməliyyatla arıqlayan və ya estetik müdaxilə edilmiş müğənni, bloger və tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar. Yaxşı olar ki, bədən çəkimizi normada saxlamaq üçün mütləq sağlam qidalanmaya, gündəlik həyat tərzinə, yuxu rejiminə və fiziki aktivliyə diqqət edək. Qalan digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə olduğu üçün mütləq şəkildə fəsadları ortaya çıxır.


Bəzən insanlar daha çox rahata qaçmaq üçün bu kimi reklamlara aldanır. Məsələn deyirlər ki, ayda 10-12 kilo arıqlamaq olar. Bir insan bu çəkini 1 həftə və ya 1 ayda itirəcəksə, bu da birbaşa orqanizmdə əzələ itkisinə və dəri sallanmasına səbəb olur. Bitki tərkibli hər məhsulun faydalı olub olmaması ilə bağlı da artıq keyfiyyət və nəzarət sertifikatları olmalıdır”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO