Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Əsəd Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Beyləqan Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilib və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.1., 2.2., 5.2.2. və 5.3-cü maddələrinə görə təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrumetmə cəzasından azad olunub.
İttihama görə, hadisə 08 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən 131-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Əsəd Babayev idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobillə hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən piyada Mirsahib İbrahimovu vurub. Yaralı 12 dekabr 2024-cü il tarixdə saat 04:25-də müalicə aldığı “İstanbul NS” Klinikasında ölüb.
Hadisədən sonra Əsəd Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media



































































































