Adətən bayramlardan sonra insanlar 1–2 kiloqram kökəldiklərini müşahidə edirlər. Ancaq narahat olmağa dəyməz.
Bizim.Media xəbər verir ki, əksər hallarda bu, yağ və piy deyil. Endokrinoloq həkim Zuxra Pavlovanın sözlərinə görə, tədqiqatlar insanların bayram günlərində həqiqətən çəki yığdığını göstərsə də, bu artımın əsas hissəsi müvəqqətidir.
“Bu, yağ toxuması deyil, su, qlikogen və mədə-bağırsaq traktının (MBT) tərkibidir”, — deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, bayramlarda çəkinin artması əsasən duz və karbohidratların çox qəbul edilməsi ilə bağlıdır — bunlar bədəndə suyu saxlayır. Bundan əlavə, böyük porsiyalar MBT-nin məzmununun həcmini artırır.
Pozulmuş gündəlik rejim də vəziyyəti ağırlaşdırır, çünki bu amil müvəqqəti metabolik dəyişikliklərə səbəb olur:
“1 kiloqram yağ yığmaq üçün uzun müddət ərzində davamlı kalori artıqlığı lazımdır. Bir-iki həftəlik bayramlar buna kifayət etmir. Adətən adi qida rejiminə qayıtdıqda çəkinin bir hissəsi 1–2 həftə ərzində öz-özünə azalır”.
Həkimin istinad etdiyi bu cür tədqiqatlardan biri “The New England Journal of Medicine” jurnalında dərc olunub. Araşdırmada 200 nəfər (onların 51%-i qadınlar) iştirak edib. Məqalədə alimlər qeyd ediblər ki, insanlar çox vaxt yığdıqları çəkini səhv qiymətləndirirlər.
Bayramdan sonra klinikaya müraciət zamanı iştirakçılardan bayram dövründə nə qədər çəki yığdıqlarını düşündükləri soruşulub. Subyektiv olaraq qəbul edilən çəki artımı ölçülmüş real artımdan xeyli çox olub.
Bu tədqiqat iştirakçılarının böyük əksəriyyətində bayramdan əvvəl və sonra ölçülən çəki demək olar ki, dəyişməyib. İştirakçılar faktiki olaraq 0,37 kq çəki artımı olduğu halda, dörd dəfə artıq kökəldiklərini düşünüblər”, — deyə ekspertlər bildiriblər.
Bu nəticələr göstərir ki, illik çəki dəyişikliklərinə ən böyük təsiri bayram-məzuniyyət dövrü göstərir.
Bizim.Media



































































































