Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə və xəsarətlərlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində hərəkətdə olan "Priora" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Maşın yoldan çıxaraq ağaca çırpılıb və qəza nəticəsində Goranboy rayonu, Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər, 2008-ci il təvəllüdlü S. Hüseynov, 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq xəstəxanaya yerləşdirilən S. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





































































































