“Tarqovı” və digər mərkəzi küçələrdə video çəkmək QADAĞAN EDİLƏCƏK?

“Tarqovı” və digər mərkəzi küçələrdə video çəkmək QADAĞAN EDİLƏCƏK?

Hazırda oxunan: “Tarqovı” və digər mərkəzi küçələrdə video çəkmək QADAĞAN EDİLƏCƏK?

588445

Smartfonu olan hər kəsin kameramana çevrildiyi bir dövrdə meydanlarda, mərkəzi küçələrdə çəkilişlər etmək heç kəsə təəccüblü görünmür. Özünü, yediyini, dostunu çəkən kim, gördüyü hər olayı, təbiət hadisəsini, it-pişiyi lentə alan kim...

İctimai yerlərdə çəkiliş hüququ əksər cəmiyyətlərdə azad insana xas hərəkət kimi anlaşılır. Amma bəzi ölkələrdə bu ya qıcıq yaradır, ya da əhəmiyyətli yerlərin qorunması kimi mühafizəyə alınır. Məsələn Rusiya paytaxtı Moskvada “Qırmızı Meydan”da (Красная Площадь) reklam çəkilişləri, eləcə də məzəli çəkilişlər yasaq olunacaq.

Bəs sabah eyni qayda Bakının mərkəzi küçələrində, məsələn deyək ki, “Tarqovı”da (Nizami küçəsi) tətbiq olunsa, bu necə qarşılanacaq?

Güman ki, xüsusən də gənclər arasında narazılıq yaradacaq. Bu gün gənclərin sosial hesablarına “reels”, “story” çəkmələri üçün “Tarqovı” ən ideal yerdir.

Ölkə qanunvericiliyi bu şəhər idarəetmə modelinə nə dərəcədə hazırdır?

Hüquqşünas Cavid Yolçuyevin Bizim.Media-ya açıqlamasına görə, hazırda ictimai yerlərdə şəxsi istifadə və ya bloqer fəaliyyəti üçün video çəkmək qadağan deyil. Lakin Dənizkənarı Bulvar kimi bəzi ərazilərdə "xüsusi mühafizə olunan zona" statusuna görə bəzən peşəkar çəkilişlər üçün icazə tələb olunur:
 

“Əgər "Tarqovı"da və digər iri meydanlarda kommersiya məqsədli böyük çəkiliş edilirsə, bu, onsuz da şəhər icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Çünki ərazini zəbt edir. Bundan başqa elə yerlər var ki, onlar toxunulmazdır. Məsələn “Şəhidlər Xiyabanında”, digər məzarlıqlarda, yaxud tarixi-mənəvi dəyəri olan yerlərdə məzəli videolar, xoşagəlməz hərəkətlər qadağandır.

 

Bunu pozan şəxslər istər azərbaycanlı olsun, istərsə də turistlər qanun qarşısında cavab verməli olurlar. Mərkəzi meydan və küçələrdə sərbəstlik mövcud olsa da, ictimai asayişi pozan və ya etikadan kənar hərəkətlərin olduğu videoların çəkilməsi polis tərəfindən xırda xuliqanlıq kimi qiymətləndirilə bilər”.

Hüquqşünas həmçinin burda yanaşma fərqlərinin olduğunu da diqqətə çatdırdı:

“Moskvadakı qadağa daha çox tarixi ərazinin statusunu qorumaq məqsədi daşıyır. Bakıda isə “Tarqovı” daha çox azadlıq və əyləncə zonası kimi qəbul edildiyi üçün belə bir qadağa şəhərin ruhuna zidd görünə bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO