İki il əvvəl antiterror əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində həyat yenidən canlanıb. Qəsəbədə evlərin təmiri ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Bizim.Media-ya bildirib ki, Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilin may ayında başlanılıb.
Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə, 115 sakin qəsəbəyə qayıdıb.
Həmçinin qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.


Bizim.Media




























































































