Tatarıstan Restoran və Otelçilər Assosiasiyası Kazandakı “Bakinskiy dvorik” restoranı ətrafında yaranmış vəziyyətdən sonra iaşə obyektləri üçün ifaçı və mahnılardan ibarət “stop-list” yaradılması imkanını müzakirə etməyə başlayıb. Qvardeyskaya küçəsində yerləşən restoranda keçirilən korporativ tədbir zamanı qonaqlar Verka Serdüçkanın mahnıları altında rəqs ediblər.
İfaçı ekstremistlər siyahısına daxil edilib, mahnının özündə isə Ukrayna himnindən sözlər səslənib. Kafenin sahibi “ordunun nüfuzdan salınması” maddəsi ilə cərimələnib, paralel olaraq prokurorluq müəssisədə təhlükəsizlik pasportunun olmamasından tutmuş yanğın təhlükəsizliyi qaydalarının pozulmasınadək çoxsaylı nöqsanlar aşkar edib. Nəzarət orqanının iddiası əsasında məhkəmə kafenin fəaliyyətini dayandırıb, icra artıq məhkəmə icraçılarına həvalə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “BİZNES Online” nəşri yazıb.
Bu kafe prokurorluğun diqqətinə necə düşüb?
Kazandakı antiterror komissiyasının üzvləri bu ilin fevral ayında ilk dəfə Qvardeyskaya küçəsində yerləşən “Bakinskiy dvorik” restoranının fəaliyyətinə diqqət yetiriblər. Məlum olub ki, kütləvi insanların toplaşdığı məkan sayılan bu obyektin təhlükəsizlik pasportu yenilənməyib. Mart ayında aparılan yoxlama nəticəsində icarədar – fərdi sahibkar Anastasiya Yakovlevaya qarşı inzibati protokol tərtib olunub və məhkəmə ona 30 min rubl cərimə kəsib.
May ayında Yakovleva yenidən (bu dəfə terrorçuluğun profilaktikası ilə bağlı qərarların icra edilməməsinə görə) cərimələnib.
Təxminən həmin dövrdə – mayın sonunda – internetdə restorandan video yayılıb. Videoda qonaqlar ukraynalı artist Andrey Danilkonun (Verka Serdüçka səhnə adı ilə çıxış edir) mahnısı altında rəqs edirlər. Tədbirin mahiyyəti açıqlanmayıb, ehtimal ki, şəxsi korporativ olub. Video prokurorluğun diqqətini cəlb edib.
Həmin tədbirdə Danilkonun “Qulyanka” mahnısı səsləndirilib. Mahnının nəqarətində Ukrayna himninin əsasını təşkil edən şair Pavel Çubinskinin şeirindən sətirlər yer alır.
Nəyə görə cərimələndilər?
İcarədarlar – Yakovleva və “Buta” MMC barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi (Rusiya Silahlı Qüvvələrinin istifadəsinin nüfuzdan salınmasına yönəlmiş açıq hərəkətlər) üzrə protokollar tərtib edilib.
Aparılan ekspertizanın nəticəsinə görə, Serdüçkanın ifa etdiyi mahnının mətni “xüsusi hərbi əməliyyat şəraitində və konkret kommunikativ vəziyyətdə” ziyarətçilərdə Rusiya Silahlı Qüvvələrinə qarşı mənfi münasibət formalaşdırmağa və hərbçilərdə alçaldılma hissi yaratmağa yönəlib.
Kazanın Sovet Rayon Məhkəməsi “Buta” MMC-ni 300 min rubl, direktor Rizvan Əliyevi isə 100 min rubl cərimələyib.
Şirkət rəhbərliyi qərardan şikayət etsə də, məhkəmə bunu təmin etməyib və qeyd edib ki, direktor kimi Əliyev restoranın fəaliyyətinə və musiqi proqramına nəzarət etməli idi. Məhkəmə qərarları qanuni sayılıb. Eyni maddə ilə Yakovleva da cərimələnib.
Pozuntular bununla bitməyib
Prokurorluq FHN mütəxəssisləri ilə birlikdə restoranda yoxlama apararaq yanğınsöndürənlərin olmaması, təxliyə yollarının bağlanması kimi pozuntular aşkarlayıb. Bundan əlavə, daha əvvəl cərimə kəsilməsinə baxmayaraq, təhlükəsizlik pasportunun hələ də olmadığı müəyyən edilib.
Sentyabr ayında prokurorluq pozuntular aradan qaldırılanadək restoranın bağlanması tələbi ilə məhkəməyə müraciət edib. 19 dekabrda məhkəmə təminat tədbiri kimi müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb və icra sənədi məhkəmə icraçılarına göndərilib.
Tatarıstan Restoran və Otelçilər Assosiasiyasının rəhbəri Qalina Şarafutdinova bildirib ki, adətən bütün musiqi kompozisiyaları yoxlamadan keçirilir və bu cür hadisələr nadir hallarda baş verir.
“BİZNES Online” nəşrinin məlumatına görə, restoran hələ də fəaliyyət göstərir. Jurnalistin obyektə baş çəkməsi zamanı restoranın açıq olduğu və içəridə bir neçə qonağın olduğu müşahidə edilib. İşçilər mümkün bağlanma barədə heç nə bilmədiklərini bildiriblər.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:25 / 25.12.2025
Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO
Hazırda oxunan: Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO
Hazırda oxunan: Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO
587351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































