İşğal bitdikdən sonra suya qovuşan torpaqlar - Minlərlə hektar əkin sahəsinin su problemi həll olunur – FOTO

İşğal bitdikdən sonra suya qovuşan torpaqlar - Minlərlə hektar əkin sahəsinin su problemi həll olunur – FOTO

Hazırda oxunan: İşğal bitdikdən sonra suya qovuşan torpaqlar - Minlərlə hektar əkin sahəsinin su problemi həll olunur – FOTO

586254

Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğal altında saxladığı dövrdə keçmiş təmas xətti boyunca yerləşən kəndlərdə yaşayan insanlar təkcə ölüm təhlükəsi ilə deyil, həm də ciddi su qıtlığı ilə üz-üzə qalıb. Bölgənin əsas su mənbəyi hesab olunan iri su anbarlarının işğalçıların nəzarətində olması kənd təsərrüfatına ağır zərbə vurub, əkin sahələrinin suvarılması illərlə müşkül məsələyə çevrilib.

Artıq bu problem də dövlətin diqqətindən kənarda qalmayıb. Mütəxəssislər bildirirlər ki, yaxın gələcəkdə həm keçmiş cəbhə kəndlərində, həm də işğaldan azad olunmuş torpaqlarda suvarma ilə bağlı heç bir çətinlik yaşanmayacaq.

Ağdərə rayonunun uzun illər Ermənistan silahlı qüvvələrinin nəzarətində qalması torpaqların becərilməsində ciddi çətinliklər yaradıb. Bu gün də azad edilmiş ərazilərdə bərpa işlərini asanlıqla aparmaq mümkün deyil. Çünki əsas su anbarlarından gələn magistral kanallar keçmiş döyüş zonasından — minalanmış ərazilərdən keçir. Bu isə təmir-bərpa işlərini uzun müddət mümkünsüz edib.

Lakin artıq vəziyyət dəyişib.

Sərsəng su anbarından gələn və Suqovuşan su anbarından su götürən sol sahil magistral kanalı bərpa olunub.

Tərtərçay Hidroqovşağı İdarəsinin baş mühəndisi Hafiz Səfərov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, kanalın 20,2 kilometrlik hissəsində bütün hidrotexniki qurğular əsaslı şəkildə yenilənib:

“Torpaqlarımız işğaldan azad edildikdən sonra Suqovuşan su anbarı əsaslı təmir olundu. Ardınca sol sahil magistral kanalının 20,2 kilometrlik hissəsi üzərində yerləşən bütün hidrotexniki qurğularla birlikdə əsaslı təmir işləri aparıldı”.

Bərpa işlərindən sonra sol sahil magistral kanalı saniyədə 20 kubmetr su ötürmə gücünə malik olub. Nəticədə Goranboy, Bərdə, Yevlax və Tərtərin sol sahilində yerləşən kəndlərdə ümumilikdə 29 min hektar əkin sahəsinin suvarılması mümkün olub.

Lakin sağ sahil magistral su kanalının bərpasında hələ də çətinliklər qalmaqdadır.

Hafiz Səfərov bildirib ki, kanalın ümumi uzunluğu 70,2 kilometrdir. Onun 5,2 kilometrlik hissəsi artıq əsaslı təmir olunub. Qalan 65 kilometrlik hissə isə layihə və smeta sənədləri tamamlandıqdan sonra növbəti illərdə əsaslı şəkildə yenilənəcək:

“Sağ sahil magistral kanalı uzun illər işğal altında qaldığı üçün ərazi minalarla çirkləndirilib. Mina təmizləmə işləri başa çatdıqdan sonra burada əsaslı təmir aparılacaq. Ümumilikdə Suqovuşan su anbarından çıxan su ilə 96 min 200 hektar ərazinin suvarılması mümkündür”.

Mütəxəssislər qeyd edirlər ki, sağ sahil magistral kanalının bərpasında əsas çətinlik onun keçdiyi ərazilərin düşmən tərəfindən intensiv şəkildə minalanmasıdır. Sözügedən sahə vaxtilə düşmənin müdafiə eşalonunda yerləşdiyindən ən təhlükəli zonalardan biri hesab olunur. Mina təmizləmə əməliyyatları isə yüksək risklə icra edilir.

Bununla belə, bərpa və irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində gələcəkdə Tərtərin sağ sahilində yerləşən kəndlərlə yanaşı, Ağdam, Ağcabədi və Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrində əkin sahələrinin su təminatı tam şəkildə və dayanıqlı formada qarşılanacaq.















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO