“Bu məsələdə Akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqillik dövlətçiliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun Akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, bu məsələyə Akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media





























































































