Neft Zavodundakı yanğında 3.7 milyon manat ZİYAN DƏYİB - Cinayət işi yekunlaşdı

Neft Zavodundakı yanğında 3.7 milyon manat ZİYAN DƏYİB - Cinayət işi yekunlaşdı

Hazırda oxunan: Neft Zavodundakı yanğında 3.7 milyon manat ZİYAN DƏYİB - Cinayət işi yekunlaşdı

584972

Bakı şəhəri Nizami Rayon Məhkəməsi Neft Emalı Zavodunda (NEZ) bu ilin mart ayında baş verən güclü yanğınla bağlı cinayət işinə yekun vurub.

Bizim.Media xəbər verir ki, məhkəmə Zavodun baş operatoru Sadiq Qarayevi təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaqda təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Hökmlə təqsirləndirilən şəxs həmçinin 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunub.

İstintaq materiallarına və məhkəmə araşdırmasına görə, martın 5-də NEZ-in 21 nömrəli qurğusunda təmir işləri zamanı N-21/1 saylı nasosun flanşı açılarkən boruda qalmalı olmayan yüksək temperaturlu mazut təzyiqlə ətrafa püskürüb və havayla təmasda dərhal alışaraq iri həcmli yanğına səbəb olub.

Yanğın nəticəsində qurğunun avadanlıqları sıradan çıxıb, 45 gün ərzində zavodun emal gücü 11 min ton azalıb, müəssisəyə ümumilikdə 3,7 milyon manata yaxın maddi ziyan dəyib.

Məhkəmənin ekspertiza rəyləri göstərib ki, nasosun giriş siyirtməsinin “saxlamadığı” barədə əvvəlcədən həm növbə jurnalında, həm də işçilərin “WhatsApp” qrupunda xəbərdarlıq qeydləri olsa da, təmirə hazırlıq zamanı bu nasazlıq tam aradan qaldırılmayıb.

Təqsirləndirilən baş operatorun borunun tam boşaldıldığına və təhlükəsizliyə əmin olmadan nasosu təmir briqadasına təhvil verdiyi müəyyən edilib. Eyni zamanda, martın 8-də, yəni ilk yanğından cəmi üç gün sonra eyni qurğuda qaynaq işlərinin aparıldığı ərazidə dizel axıdılması ilə yenidən yanğın təhlükəsi yaradıldığı sübuta yetirilib.

Məhkəmə həm təqsirləndirilən şəxsin əməli etiraf etməsini, həm zərərçəkmiş müəssisə ilə barışıq əldə edilməsini, həm də onun himayəsində iki azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb. Bununla yanaşı, təhlükəsizlik qaydalarının bir neçə dəfə ardıcıl pozulması “təkrar cinayət” kimi qiymətləndirildiyindən cəza ağırlaşdırılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO