Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Kərimovun (adı, soyad şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 3 ay 16 gün müddətə azadlıqdan məhrum etmə və 1 000 manat cərimə cəzaları təyin edilib.
Ömər Kərimov barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, hadisə 8 oktyabr 2025-ci il tarixdə, saat 15:00 radələrində Kürdəmir rayonun ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb.
Belə ki, 2003-cü təvəllüdlü Ömər Kərimov ailəsinin yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində atası, zərərçəkmiş Qulam Kərimovla (adı, soyadı şərtidir) mübahisə edib.
Bu zaman o, əlindəki ağacla atasının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vurub. Zərbələr nəticəsində zərərçəkmişdə qarın nahiyəsinin sol hissəsində cızıq, həmçinin sol əlin 3-4-cü barmaqları arasındakı nahiyədə yara yaranıb.
Hadisədən sonra Ömər Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə ona 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması və 1 000 manat cərimə cəzaları təyin edilmişdi. (Pravda.az)
Bizim.Media





























































































