Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi

Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi

Hazırda oxunan: Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi

584144

Qubada "Azəriqaz" əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Lakin xoşbəxtlikdən, qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı Orxan Salamov (ad və soyad şərtidir) məsuliyyətə cəlb olunub.

İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək olub. O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, bir ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır. Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq imzasını çəkib.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Orxan Salamov ifadəsində zəhərlənmə olan evə baxış keçirmək istəsə də, qapının bağlı olduğunu deyib:

"Yoxlama üçün həmin evə yaxınlaşdıq, amma qapısı bağlı idi. Ev sahibinin nömrəsini qonşulardan öyrəndim. İşimiz çox idi deyə digər işlərimizi görüb yenidən həmin evə qayıtdıq.

Ev sahibi barəsində öyrəndiyim məlumatları mənə verilən müayinə kağızına yazıb, imza yerinə də öz imzamı qeyd etdim. Daha sonra həmin evdə zəhərlənmə hadisəsi oldu və prokurorluqda saxta akt tərtib etdiyimi etiraf etdim".

Orxan yaşının az olduğunu və əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən tərəf də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin qərarı ilə Orxan Salamov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il doqquz ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO