Bu ilin noyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 46,23 % (ötən ay 35,77 %, 1 il əvvəl 38,37 % olub) təşkil edib.
"Statcounter" agentliyininin hesabatına görə, bu, oktyabr ayına nisbətən 10,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,86 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 10,55 faiz bəndi, il ərzində isə 17,37 faiz bəndi artaraq 31,04 % (20,49 % və 13,67 %) olub.
Növbəti yerdəki "Facebook"un bazar payı ay ərzində 17,65 faiz bəndi, illik isə 7,88 faiz bəndi azalaraq 10,68 % (28,33 % və 18,56 %) təşkil edib. Noyabr ayında isə “Facebook”un bazar payı birdən-birə 62 % azalıb.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,06 faiz bəndi, illik müqayisədə isə 10,54 faiz bəndi azalaraq 5,7 % (7,76 % və 16,24 %) təşkil edib.
İlk beşliyi 4,46 %-lik (5,24 % və 7,95 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,78 faiz bəndi, illik müqayisədə isə 3,49 faiz bəndi azalıb.
Bəs qısa zamanda “Facebook”un bazar payının kəskin azalma səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, “Facebook”un Azərbaycanın sosial media bazarındakı payının cəmi bir ay ərzində kəskin şəkildə, yəni 62% azalması, adətən uzunmüddətli trendlərlə izah edilməsi çətin olan, kompleks və qısa müddətli amillərin kəsişməsini göstərir:
“Azalmanın bir hissəsi bazarın təbii inkişaf istiqaməti ilə əlaqəlidir: "Instagram"ın payının 10.46 faiz bəndi, "YouTube"un payının isə 10.55 faiz bəndi artması, auditoriyanın (xüsusən gənclərin) vizual, video və qısa formatlı (Short-form video) məzmuna üstünlük verməyə davam etdiyini təsdiqləyir. İstifadəçilər informasiya və əyləncə üçün daha dinamik platformalara keçdikcə, "Facebook"un ənənəvi xəbər və mətn yönümlü formatı tədricən kölgədə qalır. Həmçinin, "Facebook"un ana şirkəti Meta-nın daxili strategiyası da əsas resursları daha çox gəlir gətirən "Instagram" platformasına yönəltməklə, dolayı yolla “Facebook”dakı ümumi aktivliyin azalmasına səbəb ola bilər”.
“Kəskin eniş bu səbəblərdən baş verə bilər”
Müsahibimiz hesab edir ki, bir ayda baş verən 62%-lik eniş kimi kəskin bir rəqəm, bu itkinin əksər hissəsinin statistik anomaliya və ya texniki faktorlardan qaynaqlandığı ehtimalını artırır:
“Statcounter" kimi agentliklər məlumatları veb-saytlara və tətbiqlərə daxil olan istifadəçilərin brauzer məlumatları əsasında topladığı üçün, həmin hesabat dövründə ölçmə metodologiyasında hər hansı bir dəyişiklik, "Facebook"un tətbiq kodu və ya onun məlumat toplama mexanizmindəki müvəqqəti nasazlıqlar, yaxud Azərbaycanda platformaya giriş kanallarında yaranmış qısa müddətli texniki problem istifadəçi sayının statistik qeyd edilməsini kəskin şəkildə aşağı sala bilərdi.
Nəticə etibarı ilə, 62% kimi dramatik bir pay itkisi böyük ehtimalla metodoloji qeyri-dəqiqliyin və qısa müddətli kənarlaşmanın nəticəsidir, lakin bu rəqəm rəqəmsal bazarın vizual məzmuna doğru yönəlmə trendini güclü şəkildə vurğulayır”.
Surxay Atakişiyev, Bizim.Media
































































































