Vətəndaşların 220 min manatını ələ keçirən şəxs azadlığa buraxıldı

Vətəndaşların 220 min manatını ələ keçirən şəxs azadlığa buraxıldı

Hazırda oxunan: Vətəndaşların 220 min manatını ələ keçirən şəxs azadlığa buraxıldı

583764

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müqayis Əsədlinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 190 000 min manat ziyana görə ittiham verilmiş 2012-ci il tarixli 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməyib. Müqayis Əsədli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 30 000 min manat ziyana görə ittiham verilmiş 2-ci epizod üzrə cinayət təqibinə ziyanı tam ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub. İş üzrə zərərçəkmiş şəxslərdən birinin mülki iddiası tam təmin olunub və 313 500 manat məbləğində pul və 604 manat məbləğində ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilib.

İttihama görə, Müqayis Əsədli tanışı olan zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarından istifadə edərək, guya sərmayə qoyulması halında böyük gəlir əldə ediləcəyini və məktəb tikintisi üzrə tenderdə qalib gələcəyi barədə yalan məlumat verib. Bu məqsədlə o, zərərçəkmişə tikinti layihəsinin ona həvalə olunacağını və layihə icra edildiyi təqdirdə yüksək qazanc əldə ediləcəyini vəd edib. İstintaq sənədlərində göstərilir ki, təqsirləndirilən şəxs bu vədlərlə zərərçəkmişi aldadaraq, 06 iyun 2012-ci il tarixdə Samux rayonunun inzibati ərazisində yerləşən “Ceyranlar” abidəsinin yaxınlığında ondan 190 000 manat nağd pul alıb və mənimsəyib.
 

Bundan başqa, istintaq materiallarında qeyd olunur ki, Müqayis Əsədli digər şəxsi – P.P-ni (adı, soyadı şərtidir) də aldadaraq, yüksək vəzifəli şəxslərlə əlaqələri vasitəsilə onun övladını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhərində və 2022-ci ilin avqust ayında “Yevlax” avtovağzalının qarşısında zərərçəkmişdən iki mərhələdə ümumilikdə 30 000 manat nağd pul alıb.


Məhkəmə istintaqı zamanı Müqayis Əsədli ona irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bildiyini, yalnız ikinci epizod üzrə – yəni 30 000 manat məbləğində pul vəsaitinin alınması faktına görə məsuliyyətini qəbul etdiyini ifadə edib. O, birinci epizod üzrə – 190 000 manatın alınması ilə bağlı iddiaları qətiyyətlə rədd edərək, nə həmin məbləğin verilməsi, nə də belə bir sövdələşmənin mövcud olduğunu deyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmiş F.F. ilə iş birliyi 2012-ci ilə qədər müxtəlif layihələr üzərində davam edib, tərəflər arasında ödənişlər qarşılıqlı şəkildə həyata keçirilib və borc öhdəlikləri mövcud olmayıb. O, iri məbləğdə pul alması barədə ittihamları əsassız sayıb, bu barədə heç zaman razılaşma və ya söhbət aparmadığını qeyd edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO