Şəki Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Fərid Bolayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: 2019-cu il avqustun 16-da üç nəfər naməlum şəxs Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.
Zaqatala Rayon Polis Şöbəsi tərəfindən mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri - 31 yaşlı Fərhad və 21 yaşlı İsmayıl Zəngiyevlər, eləcə də Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib və onlardan ikisi Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs F.Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.
Hadisədən sonra Fərid Bolayev cinayət məsuliyyətindən yayınaraq ölkədən qaçıb. 2024-cü ilin avqustunda o, Rusiyada saxlanılıb. Daha sonra Fərid Azərbaycana ekstradisiya edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Bolayev 10 il müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media
































































































