Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) prrofessor və müəllim heyətinin əmək haqqı 15-20%, tyutorların 33% və laborantların 20% artırılıb.
Bununla bağlı ADNSU-nun dekabrın 1-də Elmi Şuranın növbəti iclasında qərar verilib. Qərara əsasən 2026-cı il yanvarın 1-dən professorlar 2150, dosent 1700, baş müəllim 1500, müəllim isə 1350 manat maaş alacaq.
Qeyd edək ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib.
Maraqlıdır, belə müsbət addım daha hansı yerli universitetlərimizdə gözlənilir?
Bizim.Media-nın araşdırmasına görə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də maaşlar digər dövlət universitetləri ilə müqayisədə nisbətən yüksəkdir. Differensial maaş sistemi burda da tətbiq olunur, yəni yüksək reytinqli müəllimlər əlavə bonuslar alırlar.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, sonuncu dəfə 2024-cü ilin dekabrında maaşlar 14 faiz artırılıb. 2026-cı il üçün hələlik maaş artımı müzakirə mövzusu deyil.
Azərbaycan Texniki Universitetində (AzTU) professor və müəllim heyətinin maaşı bu ilin yanvarında 20 faiz artırılıb. Universitetdən bildirilib ki, AzTU həmişə müəllimlərin rifahını diqqət mərkəzində saxlayır və hər il akademik heyətin maaşlarında artım olur.
Azərbaycan Dillər Universitetindən verilən açıqlamada isə qeyd olundu ki, hazırda müəllimlərin əmək haqqı məsələsi müzakirə olunur:
“Hər bir universitetin tələbə sayına uyğun maliyyə potensialı var. Bu amilə müvafiq olaraq, növbəti ildə əməkhaqqı artımı məsələsinə baxılacaq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, vaxtaşırı olaraq universitetdə professor və müəllim heyətinin maaş artımı olur. 2024-cü ildə əmək haqları 10 fazi atıb. Növbəti il üçün isə əmək haqlarının artımı barədə hər hansı məlumat mövcud deyil.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) isə bildirilib ki, professor-müəllim heyətinin əmək haqları axırıncı dəfə ötən ilin oktyabr ayında 20 faiz artırılıb. 2026-cı il üçün artım mövzusu hələ ki gündəmdə deyil.
Şəfiqə Şəfa, Bizim.Media































































































