“Əməkhaqqı fondunda 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər artımları müşahidə edirik. Bu da o deməkdir ki, bizim əhalimizin gəlirlərində 3,2 dəfə artım olub.
Bu artımların əhəmiyyətli hissəsi özəl sektorla bağlıdır. Özəl sektorda əməkhaqqı fondu 3,6 dəfə artıb. Əmək münasibətləri sahəsində, əhalinin gəlirlərinin təmin edilməsi sahəsində bir sıra mexanizmlərimiz var və biz ondan məharətlə istifadə edirik. Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bu göstəricinin 3,1 dəfə artırılmasına nail olaraq, 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda ölkədə minimum əməkhaqqının məbləği 130 manat idi”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, əmək bazarı üçün və əməkhaqqı fonduna müsbət təsir edən məsələlərdən biri dövlət sektorunda əməkhaqlarının artılmasıdır:
“Biz bu artımları tətbiq etdikdə özəl sektorla da rəqabət yaranır və özəl sektorda da əməkhaqlarının artmasına təsir göstərir. Minimum əməkhaqqının artırılması aşağı əməkhaqqı alan vətəndaşların əməkhaqlarının artmasına müsbət təsir edir”.
Günay Şahmar, Bizim.Media































































































