Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. S.Səfayi həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib:
"Biz 2013-cü ilin avqustunda rəsmi nikaha daxil olmuşuq. Sevib evlənmişdik, maddi durumum da yaxşı idi. Bir gün evə gələndə evdə olmadığını gördüm. Zəng edib harada olduğunu soruşdum, mağazada olduğunu dedi. Durub ora getdim ki, yoxdur. Bir də zəng elədim, dedi ki, oradan çıxıb ayrı mağazaya getmişəm.
Evə qayıdandan sonra təkrar bütün gün harada olduğunu soruşdum, dedi ki, geyim mağazasında olub. Durub getdim o mağazaya. Satıcıya mənə kameranı göstərməsini dedim. O da kameranı göstərə bilməyəcəyini dedi. Evə qayıtdıq, çox əsəbi idim, təkrar soruşanda etiraf elədi ki, taksi sürücüsü Canmirzə Cabbarovla birlikdədir, onunla gedib.
Mən artıq birlikdə yaşaya bilməyəcəyimizi ona dedim və razılaşdıq ki, qızımız məndə, oğlumuz onda qalsın. Mən qızımın belə bir qadının tərbiyəsində yaşamağına yol verə bilməzdim. Əvvəl razılaşdı, lakin sonra gəlib dedi ki, boşanmağa razıyam, ancaq uşaq səndə qalmayacaq. Mən də əgər uşaq məndə qalmayacaqsa, onu öldürəcəyimi dedim. Qayıtdı ki, öldürə bilməzsən.
Mən əfqanıstanlıyam, birinci Qarabağ müharibəsi vaxtı könüllü gəlib döyüşmüşəm; kəşfiyyatçı olmuşam, baş leytenant rütbəsi almışam, Qarabağ Əlillər Cəmiyyətinin üzvüyəm. Həyat yoldaşımın hərəkətlərini qəbul edə bilmirdim".
Təqsirləndirilən daha sonra ifadəsi zamani bildirib ki, o bundan sonra həyat yoldaşını evində mübahisə zamanı qətlə yetirib və həmin taksi sürücüsu Canmirzə Cabbarovu da taparaq, ona ülgüclə ağır xəsarət yetirib.
Daha sonra növbəti proses 23 dekabr saat 11:00-a təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin 09 iyulunda paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmalara görə zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. (Lent.az)
Bizim.Media































































































