Son vaxtlar payız ayları üçün qeyri-sabit sayılan yağıntısız hava şəraiti torpağın rütubət rejiminin pozulmasına gətirib çıxardır ki, bu da kənd təsərrüfatı üçün arzuolunmaz vəziyyətdir. Torpağın nəmlənmə səviyyəsinin aşağı düşməsi bir sıra əkin və təsərrüfat sahələrində məhsuldarlığın azalması, ziyanvericilərin artması kimi problemlərə yol açır.
Bəs havaların quraq keçməsi hansı təsərrüfat və əkin sahələrinə təsir edib?
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya bildirib ki, quraqlığın davam etməsi hallarında taxıl, yem bitkiləri və bağçılıq sahələrində ciddi itkilər baş verə bilər:
“Havaların quraq keçməsindən ən çox zərər görən taxıl (buğda, arpa) sahələridir. Yağıntının azalması və su çatışmazlığı məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Meyvə bağlarında uzun müddət davam edən quraq hava ağacların yanmasına, budaqların qurumasına və məhsulun azalmasına gətirib çıxaracaq.
Bundan başqa tərəvəzçilik və bostan bitkilərinin də suya daha çox tələbatlı olduğundan suvarma çatışmazlığı məhsulun keyfiyyətini və miqdarını azaldır. Digər tərəfdən quraqlıq səbəbindən otların quruması və böyüməsinin zəifləməsi heyvandarlıq üçün yem çatışmazlığı yaradır”.
A.Nəsirli diqqətə çatdırdı ki, su ehtiyatlarının azalması səbəbilə suvarma çətinləşir və əkin sahələrinin bir hissəsi istifadəsiz qalır. Ən çox təsirə məruz qalan bölgələr əsasən Aran rayonları, Şirvan bölgəsi, Qərb bölgəsi və suvarma problemi olan digər düzənlik ərazilərdir.
Şəfiqə Şəfa, Bizim.Media
































































































