Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə TRİPP (Trans-regional Infrastructure, Peace and Prosperity) adlı nəqliyyat layihəsində (Zəngəzur dəhlizi konsepsiyasına uyğunlaşdırılmış yeni regional marşrutda – red.)) mümkün iştirakla bağlı danışıqları davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə Ali komissarı Marta Kos bildirib.
Kosun sözlərinə görə, Avropa İttifaqının bu layihə ilə bağlı öz strateji təklifləri var və hələ də Ankara və Bakı ilə intensiv məsləhətləşmələr aparılır.
O qeyd edib ki, TRİPP-in (faktiki olaraq Zəngəzur dəhlizinin alternativ və genişləndirilmiş regional modeli kimi nəzərdə tutulan layihənin) uğuru üçün ABŞ-ın iştirakı xüsusi əhəmiyyət daşıyır.
“Avropa İttifaqı öz təkliflərini hazırlayıb və Türkiyə ilə Azərbaycanla məsləhətləşmələri davam etdirir. ABŞ-ın prosesə qoşulması xüsusilə vacibdir, çünki layihə tək bir dəmir yolu xəttindən kənara çıxır və daha geniş geosiyasi məkanı əhatə edir”, – deyə Kos vurğulayıb.
Aİ rəsmilərinə görə, TRİPP layihəsi regionda Azərbaycan–Türkiyə nəqliyyat əlaqələrini genişləndirən, Cənubi Qafqazdan keçən vahid logistika xətti yaradan, həmçinin Avropaya yeni tədarük yolları açan çoxşaxəli infrastrukturu nəzərdə tutur. Bu, həm də enerji və ticarət marşrutlarının şaxələndirilməsi baxımından Brüsselin prioritetlərinə uyğundur.
Layihənin məqsədi Azərbaycan və Türkiyə arasında kəsintisiz nəqliyyat əlaqəsi, region ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşdirilməsi, Avropa–Qafqaz–Mərkəzi Asiya xəttinin gücləndirilməsi və alternativ ticarət və enerji marşrutlarının açılmasıdır.
Aİ nümayəndələri bildirirlər ki, TRİPP-in reallaşması həm regional sabitliyə, həm də Avropanın logistika təhlükəsizliyinə töhfə verə bilər.
Bizim.Media
































































































