“Azəriqaz” İstehsalat Birliyinin 29 illik iş təcrübəsi olan qadın əməkdaşına çalışdığı yerdə haqsızlıq edildiyi iddia olunur. Söhbət 8 ildir Bakı Regional Qazın Satışı Departamentinin Nərimanov rayonu üzrə xidmət sahəsində texnik kimi fəaliyyət göstərən Validə Yusifovadan gedir.
Bu barədə Bizim.Media-ya ictimai fəal Ramil Əliyev müraciət edib. Onun sözlərinə görə, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev və “Azəriqaz”ın İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli Validə Yusifovanı əsassız şəkildə çalışdığı idarədən kənarlaşdırıblar.
Halbuki 29 illik fəaliyyəti ərzində onun işində hər hansı nöqsan qeydə alınmayıb:
“Mən Validə xanımı illərdir tanıyıram. Onun oğlu 44 günlük Vətən müharibəsində hərbi təyyarə sürüb və böyük xidmətləri olub. Validə xanım isə 29 ildir “Azəriqaz”da dürüst və şəffaf işləyən əməkdaşlardan biridir. Hətta faydalı iş əməyinə görə “Azəriqaz”dan Fəxri Fərmanla da təltif olunub. Son 8 ildə Nərimanov rayon xidmət sahəsində texnik kimi çalışıb.
Otaqda 4-5 qadın işləyir. Bir il əvvəl həmin otağa yeni bir qadın gətirildi. Sonradan məlum oldu ki, bu şəxs “Azəriqaz” İstehsalat Birliyinin Texniki İstismar Şöbəsinin rəisi Səməd Əliyevin həyat yoldaşı Natəvan Qurbanovadır. Yəni tapşırıq əsasında işə götürülüb və sahə üzrə təcrübəsi yoxdur. Validə xanımın isə arxasında dayanan heç kimi yoxdur. Onun qardaşı Nazim Yusifov da da vaxtilə “Azəriqaz”da çalışmış və şəffaflığı ilə seçilmişdi, amma 8 il əvvəl dünyasını dəyişib”.
Ramil Əliyev iddia edir ki, Natəvan Qurbanova tapşırıqla işə götürüldüyündən Validə Yusifova Nizami rayonu üzrə xidmət sahəsinə göndərilib:
“Həmin vaxt Validə xanımın səhhətində problem yaranıb və bülletenə çıxıb. Daha sonra işdən çıxmaq barədə ərizə yazıb. Lakin illərdir onu tanıyan həmkarları bu fikirdən daşınmasını istəyiblər və təqaüdə çıxmasına cəmi 2 il qaldığını bildiriblər. 29 illik təcrübəsi olan bir mütəxəssisə qarşı bu cür münasibət niyə göstərilir? Bu qədər illik xidmət və bacarıq varkən, necə olur ki, bir il əvvəl işə qəbul edilən təcrübəsiz şəxs onun yerinə gətirilir? İşçiyə kiminsə tapşırığına görə yox, əməyinə görə qiymət verilməli deyil?”, - deyə o, qeyd edib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimizə cavab verilmədi.
Qurumun mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media































































































