“Şəkərli diabet xəstələrinin qeydiyyatı aparılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TƏBİB tabeliyində olan müvafiq tibb müəssisələri tərəfindən şəkərli diabet xəstələrinin ağırlaşmalarının qarşısının alınması, gedişatına nəzarət, laborator göstəricilərin izlənilməsi və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi üçün müayinələr aparılır:
"Şəkərli diabet xəstələri hər ay dərman təminatı üçün müraciət etdikdə, eyni zamanda müvafiq qaydalara və ölkədə qəbul olunmuş klinik protokollara əsasən profilaktik və nəzarət xarakterli müayinələrdən keçirilirlər.
Hazırda şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi, dispanser qeydiyyat məlumatlarının yenilənməsi və xəstələrin vəziyyətinə nəzarətin gücləndirilməsi prosesi aparılır. Əldə edilən nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə (şəkərli diabet modulu) inteqrasiya olunur.
Hazırda dispanser qeydiyyatında olan vətəndaşların məlumatları yeni elektron registra daxil edilir ki, bu da xəstələrin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edəcək".
Günay Şahmar, Bizim.Media


























































































