Günlərdir hava şəraiti mülayim olsa da, artıq soyumağa başlayıb. Buna görə də insanlar üçün evlərlə, tibb, təhsil müəssisələri və s... lə yanaşı ictimai nəqliyyatda da istiliyin olması önəmlidir.
Bu proses isə daşıyıcı şirkətlərin fəaliyyətindən asılıdır.
Bəs marşrutlarda istiliyin verilməsi prosesinə başlanılıb?
Bizim.Media mövzuyla bağlı bir çox marşrut xəttini əhatə edən daşıyıcı şirkətlərə sorğu ünvanlayıb.
İlk olaraq, “BakuBus” MMC-nin İctimai Əlaqələr Şöbəsinin rəhbəri Əsmər Əliyeva sorğumuza cavab olaraq bildirib ki, şirkətin istismarında olan bütün avtobuslarda istilik sistemi artıq aktivləşdirilib və hazırda marşrutlar üzrə xəttə buraxılan avtobusların hər birində istilik təmin olunur.
“Qeyd edək ki, mövcud reqlament qaydalarına əsasən istilik sisteminin noyabr ayının 15-dən etibarən aktivləşdirilməsi nəzərdə tutulsa da, hava şəraiti nəzərə alınaraq “BakuBus” MMC tərəfindən bu prosesə daha erkən başlanılıb və istilik sistemi bütün avtobuslarda əvvəlcədən işə salınıb”.
“Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev qeyd edib ki, sözügedən şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə avtobuslarda istilik sistemləri işə salınıb.
“Bunun üçün əvvəlcədən müəyyən edilmiş proqrama əsasən işlər görülüb, texniki yoxlamalar aparılıb, mövcud və mümkün nasazlıqlar aradan qaldırılıb.
Hazırda yalnız yağıntılı hava şəraitində isitmə sistemləri qoşulur ki, bu da nəqliyyat vasitəsinin pəncərələrinin tərləməməsi və görüntü məhdudiyyətinin yaranmaması məqsədilə edilir. Hava şəraitinə uyğun olaraq istilik sistemləri tam olaraq qoşulacaq”.
Nəzrin Mirzəyeva, Bizim.Media



































































































