“2020-ci ildən azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı işçi planlarımız var. Həmin işçi planında 700 fəaliyyətin heç birində qadınların iştirakı nəzərdə tutulmayıb”.
Bu fikirləri yanvarın 31-də keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri qadınların minatəmizləmə əməliyyatında iştirakını da təklif edib.
Britaniyalı səfirin təklifi ilə bağlı Bizim.Media-ya açıqlama verən Minatəmizləmə Agentliyi yanında ictimai şuranın sədr müavini Emil Həsənov təşəbbüsün əvvəlki dövrlərdə də səsləndirildiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
ANAMA ƏDV-dən azad edildi - FƏRMAN
“Hal-hazırda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması mühüm məsələdir. Azərbaycanda oxşar təkliflər ANAMA-nın yeni yarandığı dövrlərdə - 2000-ci illərdə də səsləndirilib. Lakin bir sıra amillərə görə bu həyata keçirilmədi”.
Müsahibimizin sözlərinə görə, qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunmasının önəminin obyektiv səbəbləri də var:
“Təbii ki, bu proses icra oluna bilər. Qadınların da minatəmizləmə prosesinə cəlb olunmağı pozitiv bir addımdır və istisna olunmur. Çünki mina qurbanı olan şəxslər əksər hallarda qadınlar və uşaqlardır. Statistikaya da nəzər saldıqda ən zəif bəndin onlar olduğu görülür. Ona görə də, qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması gözəl addım olardı”.
Emil Həsənov qadınların minatəmizləmə fəaliyyətinə hansı formada cəlb oluna biləcəyini də qeyd edib:
“Birbaşa və birbaşa olmayan cəlbolunma variantları var. Hal-hazırda ANAMA çox gözəl və yenidən qurulmuş model kimi diqqət çəkir. Bu addım atılacaq. Lakin bunun nə zaman baş verəcəyi ikinci məsələdir. Onu da qeyd edək ki, ANAMA-nın bir sıra şöbələrində qadınlar da çalışır. Qadınların əməliyyatlara birbaşa cəlb olunması reallaşa biləcək addımdır. Təbii ki, düzgün hazırlıq prosedurlarından keçdikdən sonra”.
Emil Həsənov Ceyms Şarpın təklifini dünya təcrübəsindən nümunələr gətirməklə müsbət dəyərləndirib:
“Bəzi ölkələrdə qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunduğuna şahid olmuşam. Məsələn, Livanda, bir sıra İngiltərə şirkətlərində qadınlar minatəmizləmə prosesində iştirak edirlər. Cənab səfir bu təkilifi beynəlxalq təcrübəyə istinad edərək bildirib. Azərbaycanda, xüsusilə ANAMA rəhbərliyində də gender məsələlərinə diqqət böyükdür. BMT-nin inkişaf proqramının da humanitar minatəmizləmə əməliyyatlarında mühüm dəstəyi var. Xüsusilə də, humanitar minatəmizləmədə qadınların prosesə cəlb olunması istisna olunmur”.
Murad Əhmədov, Bizim.Media