Məlum olduğu kimi elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni tələblər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 11 aprel 2025-ci il tarixli dəyişiklikdə öz əksini tapıb.
Qanunvericiliyə uyğun olaraq, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik elektrik közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilib. Həmçinin göstərilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də inzibati məsuliyyət müəyyən edilib.
Nəzərə alaq ki, ölkəmizdə közərmə lampalarından geniş şəkildə istifadə olunur.
Yeni tələblər hansı dəyişikliklərə səbəb olacaq?
Məsələyə aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, qanunda közərmə lampalarının konkret hansı lampalarla əvəz ediləcəyi qeyd olunmayıb:
“Lakin icmal olaraq belə demək mümkündür ki, qadağan olunacaq orta-ölçülü və yüksək güclü közərmə lampalarının yerini yüksək enerji effektivliyi olan alternativ işıqlandırma texnologiyaları tutmalıdır. Yəni, ənənəvi közərmə lampaları əvəzinə LED lampalar və ya digər enerji səmərəli işıqlandırma sistemlərinə keçid məntiqli görünür. Çünki qanun enerji effektivliyi və enerjiyə qənaət prinsiplərini ölkə siyasətində əsas istiqamət kimi müəyyən edib.
Qadağa yalnız közərmə lampalarına şamil edilir. Onları əvəz edəcək LED lampalar ola bilər. Nəzərə alaq ki, həm yerli, həm də xarici markaların istehsal etdiyi lampalar hələ ki, qadağaya düşmür. Enerji səmərəli kompakt floresan lampalar (CFL) da istifadəyə icazəlidir, lakin LED-lər daha uzunömürlü və qənaətlidir”.
Surxay Atakişiyev, Bizim.Media



































































































