Kənd yerlərində əhalinin böyük hissəsi təsərrüfatla məşğul olduğu üçün onların əksəriyyətinin nə rəsmi iş yeri, nə də gəliri var. Bu isə həmin vətəndaşların banklardan və ya kredit təşkilatlarından borc almaq imkanlarını məhdudlaşdırır.
Bəs insanlar nə etsin? Banklar hansı hallarda rəsmi işi olmayan şəxslərə kredit verə bilər? Çıxış yolu nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən maliyyə mütəxəssisi Əkrəm Həsənov bildirib ki, banklar kredit verərkən rəsmi gəlirin olmasına ciddi şəkildə diqqət yetirirlər:
“Bank olmayan kredit təşkilatlarında bu tələb o qədər də sərt deyil. Amma bank sektorunda rəsmi gəlirin təsdiqlənməsi mütləqdir”, - deyə ekspert diqqətə çatdırıb.
Əkrəm Həsənov qeyd edib ki, burada söhbət yalnız əməkhaqqından getmir. Rəsmi gəlir dedikdə, məsələn, icarəyə verilən obyektin gəliri də nəzərdə tutula bilər:
“Əgər kənd təsərrüfatı ilə məşğul olan şəxs öz məhsulunu rəsmi şəkildə satmırsa, yəni gəliri sənədlərlə sübut olunmursa, bank ona kredit verməyəcək”, - deyə mütəxəssis əlavə edib.
Ekspertin sözlərinə görə, rəsmi gəliri olan və ondan vergi ödəyən fermerlər üçün kredit almaq mümkündür:
“Əgər şəxs rəsmi gəlirini bəyan edir və vergisini ödəyirsə, bank onu müştəri kimi qəbul edəcək.
Bunlar biri-birinə bağlı məsələlərdir. Banklar gəlir mənbəyini təsdiq etmədən riskə getmir.
Təsəvvür edin, bank hardan bilsin ki, bu şəxsin sabit gəliri var? Bu baxımdan bank haqlıdır.Amma eyni zamanda, bu, çox ciddi sosial problemdir”.
Ekspert əlavə edib ki, kənd təsərrüfatı sahəsində gəlirlərin qeyri-rəsmi dövriyyədə qalması həm vətəndaşların kredit imkanlarını azaldır, həm də iqtisadi şəffaflığa mənfi təsir göstərir.
Aygün Hüseyn, Bizim.Media





























































































