Abşeron rayonunda sərxoş taksi sürücüsü iki nəfəri bıçaqlayıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Röyal Ağayev (soyad şərtidir) qəsəbə ərazisindəki "Türkan" kafesində spirtli içki qəbul edib və taksi kimi istifadə etdiyi avtomobilinə əyləşib.
O, kafenin qarşısında maşını qəfil və sürətlə hərəkət etdirərək avtoxuliqanlıq edib.
Həmin vaxt kafenin qarşısında dayanan qəsəbə sakinləri - Vüsal və İmamverdi ona etirazlarını bildiriblər. Röyal həmin şəxslərin iradından əsəbiləşərək, onlarla mübahisə edib.
Vüsal və İmamverdi ona "içkilisən, get, ayıl gələrsən" deyiblər və onu yola salıblar.
Hadisə yerindən uzaqlaşan Röyal bir neçə dəqiqədən sonra özü ilə bərabər 4 nəfər naməlum şəxslə yenidən həmin əraziyə qayıdıb və onları söhbətə çağırıb.
Röyalla birlikdə gələn 4 nəfər Vüsal və İmamverdi ilə əlbəyaxa davaya başlayıb. Bu vaxt Röyal özü ilə gətirdiyi bıçaqla Vüsal və İmamverdiyə zərbələr endirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Röyal saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə V.Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media




























































































